Avropa İttifaqı artıq beynəlxalq siyasətin subyekti deyil, tamamilə tənəzzülə uğrayıb. Avropa ərazisində təhlükəsizlik məsələləri ABŞ və Rusiya tərəfindən müzakirə olunur. Avropa İttifaqı (Aİ) liderlərinin masa arxasında olmaları onların ağlına belə gəlmir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri müsahibəsində gürcü ekspert Vato Şakarişvili söyləyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri Avropa üçün yeni təhlükəsizlik arxitekturasına dair danışıqlar aparır, amma Aİ özü bu müzakirələrdə yer almır. Avropa İttifaqında Qvaramiya və Caparidze ilə birlikdə Salome Zurabişvilini legitim prezident elan edən qətnamə üzərində işləyirlər. Bu hədsiz qeyri-adekvatlıq Avropa İttifaqının bu gün artıq beynəlxalq siyasətin subyekti olmamasının, onun tamamilə deqradasiyaya uğramasının, Avropa ərazisində təhlükəsizlik məsələlərinin digər ölkələr tərəfindən müzakirə olunmasının əsas səbəblərindən biridir.
Şakarişvili qeyd edib ki, Avropa İttifaqı dönməz şəkildə özünü ləğvetmə rejimində qalmaqda davam edir və Gürcüstanla bağlı qətnamə bunu bir daha təsdiqləyir. Avropadakı bu ağır vəziyyət Brüssel bürokratiyasının və üzv dövlətlərin hökumətlərinin sərsəm siyasətinin nəticəsidir. Xristianlığın LGBT ideologiyası ilə əvəzlənməsi, nəzarətsiz miqrasiya, liderlik və ABŞ-ın əvvəlki administrasiyasının vassalı olması Avropanı bu deqradasiya həddinə çatdırıb.
“Gürcüstanı “özlərinə qazdıqları məzara” sürükləmək istəyirdilər və bunun üçün hər cür üsula əl atırdılar. İnşallah, indi heç olmasa, düzgün başa düşəcəyik ki, ölkəmizi Bidzina İvanişvilinin, hakim komandanın, gürcü xalqının böyük əksəriyyətinin müdrikliyi və qətiyyəti xilas edib. İndi əmin olacağıq ki, biz təcili olaraq Avro-Atlantik isteriyaya son qoymalı, nəhayət Avropa İttifaqı və NATO-ya üzvlükdən imtina etməliyik”, - deyə Şakarişvili vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə