İtaliyada eramızdan əvvələ aid monumental nekropol tapılıb

İtaliyanın şimalındakı Trento şəhərinin mərkəzində Santa Krose küçəsində monumental nekropol aşkar edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nekropol Santa Krose bölgəsindəki tarixi binada bərpa və yenidənqurma işləri zamanı aşkarlanıb. Arxeoloqlar həmin ərazidə eramızdan əvvəl IX-VI əsrlərə aid monumental abidəni aşkar ediblər.

Arxeoloqlar qeyd edirlər ki, əsas məzarların işarəsi kimi xidmət edən hündürlüyü 2,40 metrə qədər olan dəfn stelaları xüsusi maraq doğurur. Trento Mədəniyyət Şurasının üzvü Françeska Gerosa bildirib ki, bu tapıntı şəhərin tarixini göstərən inanılmaz bir kəşfdir.

“Archéologia Viva” jurnalı qeyd edib ki, nekropolda bu günə qədər 200-dən çox məzar sənədləşdirilib ki, bu da potensial olaraq qorunan abidələrin yalnız bir hissəsini təmsil edir. Qəbirlər, o cümlədən tapılan silahlar, metal artefaktlar, kəhrəba və şüşə pastası ilə işlənmiş bəzək əşyaları da daxil olmaqla, bütün tapıntılar burada yaşamış əhalinin məişəti və adət-ənənələri haqqında geniş biliklər verir.

Nekropol çay yatağının vaxtaşırı daşqınlara məruz qalan kənar hissəsində, daşqın zamanı aktivləşə bilən iki kanal arasında yerləşir. Obyektlərin, o cümlədən keramik qablar kimi kövrək parçaların bərpası məqsədilə mikroqazıntı üsullarından istifadə olunur. Qəbir strukturlarının mikroqazıntısı dəfn mərasimi barədə də geniş təsəvvür yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə