Azərbaycanda “Medinex -2022” sərgisi keçiriləcək

Noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçiriləcək. SİA xəbər verir ki, sərgilər koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçiriləcək.

Qeyd edək ki, bu il Medinex 2022 sərgisi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə keçirilir. Aparıcı yerli və xarici istehsalçılar və distribyutorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər. Sərginin ekspozisiyası dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkəti birləşdirəcək.

Sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunacaq. Medinex sərgisi ilə eyni anda gözəllik industriyası sərgisi "Beauty Azerbaijan" keçiriləcək. Sərgi çərçivəsində kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və sair kimi sektorlar sərginin ayrılmaz bir hissəsi olacaq.

Medinex sərgisi çərçivısində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Panel müzakirələri aşağıdakı mövzuları əhatə edəcək: “Xəstəliklərin diaqnostika və müalicəsində innovativ yanaşma” “Diaqnostikada yeni nəsil sistemlər və kliniki faydaları”, “Pediatriyada müasir diaqnostika və müalicə metodları”, “Tibbdə innovativ texnologiyalar”, “İnnovativ dərman vasitələri” və daha çoxu.

Beləliklə, Medinex və Beauty Azerbaijan sərgiləri sənaye mütəxəssislərini bir platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsətdir.

Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə