Koronavirusla mübarizədə ölkəmizdə HANSI İŞLƏR GÖRÜLÜR? - DEPUTAT ŞƏRH ETDİ

“İlk növbədə qeyd edim ki, bu gün koronavirusla əlaqədar vəziyyət Azərbaycanda stabildir və nəzarət altındadır. Sevindirici haldır ki, son günlər gün ərzində koronavirusa yoluxanların sayı da əvvəlki günlərə nisbətən azalmaqdadır və əksinə gün ərzində sağalanların da sayı yoluxanların sayını üstələyir. Lakin buna baxmayaraq hələ də gün ərzində ölənlərin sayı o qədər də ürəkaçan deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda vəziyyət koronavirusla əlaqədar olaraq ilk gündən qabaqlayıcı tədbirlərin və vaksinasiya işlərinin vaxtında aparılması bugünkü stabilliyə gətirib çıxartmış olur: “Bu gün Azərbaycanda vaksinasiya işləri də çox sürətlə aparılır. Bilirsiniz ki, təkcə gigiyenik qaydalara əməl edib maska taxmaq, qapalı yerlərdə maskadan istifadə etmək, kütləvi yerlərdə toplanmaqla bu xəstəlikdən yaxa qurtara bilmərik. Əsas vəziyyətdən çıxış yolu vaksinasiyadır. Vaksinasiya da bu gün Azərbaycanda çox sürətlə aparılır. Yəni, kütləvi informasiyalar vasitəsilə insanların bu sahədə maarifləndirilməsi, təbliğatların aparılması bugün insanların könüllü surətdə vaksinasiyaya getməsinə səbəb olur. Bu proses çox sürətlə aparılır. Hətta belə deyərdim ki, 4-cü dozanı da vurduran insanlara təsadüf olunur. Ona görə də bugünkü vəziyyəti stabil saymaq olar və bir daha qeyd edirəm ki, bu vəziyyət dövlət tərəfindən Azərbaycanda nəzarətdədir”.

Deputat sözlərinə belə davam edib: “Bilirsiniz ki, bu Covid-19 yaranandan bugünə qədər artıq iki il ərzində bütün dünyanı cənginə alıb və bu müddətdə bir neçə ştamlar meydana çıxdı. Yəni, bunlar mutasiyaya uğrayır və yeni ştamlar yaranır. Hər ştam da özünün xarakter xüsusiyyətlərinə malik olur və Cənubi Afrika Respublikasında yaranan “Omikron” ştamı da yayılıb. Amma çox sevindirici haldır ki, bu ştama Azərbaycanda təsadüf olunmur”.

“Omikron" ştamı haqqında müxtəlif fikirlər var. Onların yayıcılıq qabiliyyəti yüksək olsa da, amma öldürücülük qabiliyyəti o qədər də yüksək deyil. Ona görə də hər bir insanın bu vaksindən istifadə etməklə, vaksin vurdurmaqla "Omikron" ştamına qarşı da mübarizə apara bilir. Baxmayaraq ki, bu gün respublikada vəziyyət normaldır, stabildir, nəzarət altındadır, amma ehtiyatı da əldən vermək olmaz. İnsanlar Operativ Qərargahın tövsiyələrinə əməl etməlidirlər və ilk növbədə də vaksinasiya faizi respublikada daha da artmalıdır ki, nə qədər çox insan vaksin olunarsa bu cəmiyyətimizin də bir o qədər sağlam olmasına və bu virusdan qorunmasına səbəb ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə