Axşam saat 10-11 arası yatmaq ürək xəstəliyi riskini azaldır

İngiltərədə aparılan bir araşdırma, 22:00-23:00 arasında yuxuya getməyin ürək xəstəliklərinin inkişaf riskini azalda biləcəyini ortaya qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Exeter Universiteti tərəfindən yuxu və ürək-damar xəstəlikləri ilə əlaqədar edilən araşdırmada, yaş ortalaması 61 olan 88 min 26 insan müayinə edilib.

Tədqiqatçılar 58% qadın olan 43-79 yaş arası insanlardan biləklərinə taxdıqları cihazdan istifadə edərək 7 gün ərzində yuxunun başlaması və oyanma vaxtı haqqında məlumat toplayıblar. Bundan əlavə, iştirakçıların həyat tərzi, sağlamlığı və fiziki qiymətləndirmələri ilə bağlı sorğular aparılıb. Bu şəxslər daha sonra infarkt, ürək çatışmazlığı, xroniki işemik ürək xəstəliyi, insult və keçici işemik hücum kimi müəyyən edilən ürək-damar xəstəliklərinin yeni diaqnozu üçün izlənilib. Gecə yarısı və ya daha gec yatanlarda ürək xəstəliyinə tutulma riskinin 25% daha çox olduğunu ortaya qoyan araşdırmada, bu riskin 22:00-23:00 arasında yuxuya gedənlərdə ən aşağı olduğu təyin olunub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə