Hamiləlikdə anemiya nədən olur? GİNEKOLOQ AÇIQLADI

"Hamiləlik orqanizmin qidaya və enerjiyə daha çox ehtiyacı olan bir dönəmdir. Bu zaman normal qidalanmamaq, toksikoz, anada digər xəstəliklər, çoxdöllü hamiləlik, dəmirin bağırsaqlar tərəfindən mənimsənilməsinin pozulması və bir çox səbəblərdən hamilədə anemiya inkişaf edə bilər. Anemiya (qan azlığı) hamiləlikdə ən çox rast gəlinən problemlərdən biridir. Bu zaman qanda hemoqlobinin (hemoqlobin oksigeni toxumalara və orqanlara daşıyır) və eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarı azalır". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, anemiyanın 3 ağırlıq dərəcəsi müəyyən olunur: "Yüngül forma anemiyada demək olar ki, hamilədə heç bir şikayət olmur. Ona görə də mütəmadi olaraq qanın ümumi müayinəsi aparılmalıdır ki, qanazlığını vaxtında aşkar edə bilək. Orta və ağır dərəcədə hamilədə ümumi zəiflik, başgicəllənmə kimi şikayətlər meydana çıxır, xəstə tez yorulur, ürək döyünməsi artır, fiziki iş zamanı təngənəfəslik yaranır. Dəmir defisitli anemiya zamanı dəri qabıqlanır, quru və solğun olur ,ağız kənarında və dodaqlarda çatlar əmələ gəlir, saçlar quru, qırılan olur, tökülür və s. Hamiləlik zamanı orqanizmin dəmirə olan tələbatı artır ki, bu da hamiləlik ayları artdıqca anemiyanın inkişafına səbəb olur. Hamilələr yedikləri qidaya fikir verməlidir. Qaraciyər, qırmızı ət, kürü, balıq, lobya, qarabaşaq və bir çox meyvə və tərəvəzlərə üstünlük verilməlidir".

Həkim sözlərinə belə davam edib: "Bundan başqa dəmir preparatları var ki, ginekoloqun təyinatı ilə istifadə edilə bilər. Hamilələrdə anemiya müalicə olunmazsa bir çox ağırlaşmalar meydana çıxa, o cümlədən, vaxtından əvvəl doğuş ola bilər. Əgər uşaq normal doğularsa, belə uşaqda aşağı hemoqlobin olur ki, bu da uşağın inkişafına mənfi təsir edir. Əsasən, hamiləliyin ikinci yarısında inkişaf edir ki, vaxtında aşkar etmək üçün hər ay qanın ümumi müayinəsi aparılmalıdır. Əziz qadınlar, özünüzün və doğulacaq körpənizin sağlamlığını düşünərək ginekoloqun müayinəsindən keçin!"

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...