Hamiləlik zamanı səyahət etmək olarmı? - HƏKİM DETALLARA TOXUNDU

"Hamiləlik fizioloji haldır. Hamiləlik zamanı qadınlar istirahət üçün müəyyən məsafəli səyahətlərə çıxa bilərlər. İkinci trimester səyahət etmək üçün ən münasib zamandır. Çünki ilk trimestrdə qadınlara əziyyət verən səhər ürəkbulanmaları adətən bitmiş olur". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, biletlərinizi sifariş verməzdən əvvəl həkiminizdən məsləhət alın: "Əgər səyahətiniz 28-ci hamiləlik həftənizin üstünə düşürsə, hava yolları şirkəti sizdən uçmaq üçün uyğun olduğunuz haqqında sənəd tələb edə bilər".

Səyahət zamanı nələrə diqqət etmək lazımdır?

Həkim sözlərinə belə davam edib: "Rahat ayaqqabılardan, uzun müddətli səyahətdə xüsusi corablardan istifadə edin. Uçuşda mümkün qədər rahat olmaq üçün balışınızı özünüzlə götürün. Koridorda hər bir saatda yuxarı-aşağı gəzin ki, aşağı ətraflarda qan dövriyyəsi yaxşılaşsın. Çoxlu maye qəbul edin, lakin, kofeinli içkiləri qəbul etməyin. Hamiləliklə bağlı bütün tibbi qeydlərinizi və sığortanızı özünüzlə götürün. Prenatal vitaminlərinizi çantaya qoyun. Günəşdən qorunma kremini götürün və günəş altında uzun müddət qalmayın. Çünki hamiləlik zamanı dəriniz daha həssas olur. Su altına girməyin və su idman növləri ilə məşğul olmayın".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...