“Revmatoid artrit tez-tez rast gəlinən xroniki revmatik xəstəliklərdən biridir. Bu xəstəlik simmetrik oynaq iltihabı, eroziyalar və daxili orqanların erkən zədələnməsi ilə xarakterizə olunur. Etiologiyası tam məlum olmasa da, xəstəlik zamanla əlilliyə və ömür uzunluğunun azalmasına səbəb ola bilər”.
Bu sözləri SİA-ya açıqlamasında revmatoloq Gülzar Sadıqova deyib.

O bildirib ki, dünya üzrə yayılma tezliyi təxminən 2–3% arasında dəyişir:
“Xəstəlik daha çox əmək qabiliyyətli yaş qrupunda, xüsusilə 40–50 yaş aralığında rast gəlinir. Bununla yanaşı, uşaqlarda da müşahidə oluna bilər ki, bu hal “yuvenil revmatoid artrit” adlanır. Qadınlar kişilərlə müqayisədə daha çox xəstələnir və nisbət təxminən 3:1-dir.
Xəstəliyin yaranmasında infeksiyaların birbaşa rolu sübut olunmayıb. Əsas səbəblər kimi genetik və immun faktorlar göstərilir. İmmun sistemdə baş verən pozğunluqlar nəticəsində iltihabi sitokinlər – interleykin-1, TNF-alfa, interleykin-6 və interleykin-8 kimi maddələr artır və bu da oynaq və digər orqanların zədələnməsinə səbəb olur.
Revmatoid artritin iki əsas forması mövcuddur:
-Seropozitiv forma (qanda revmatoid faktor müsbətdir)
-Seroneqativ forma (revmatoid faktor aşkar edilmir)
Diaqnostika zamanı əsasən laborator və instrumental müayinələrə üstünlük verilir. Qanın ümumi analizində iltihab göstəricilərinin artması müşahidə olunur. Revmatoid faktor və digər immunoloji testlər mühüm rol oynayır. Bundan əlavə, rentgen müayinəsi oynaqlarda eroziyaları, daralmaları və digər dəyişiklikləri müəyyən etməyə imkan verir. Zəruri hallarda MRT müayinəsi də tətbiq oluna bilər.
Xəstəliyin klinik əlamətləri əsasən bunlardır:
-Səhər saatlarında oynaqlarda sərtlik
-Əl və ayaq oynaqlarında ağrı, şişkinlik və qızartı
-Oynaq hərəkətlərinin məhdudlaşması
-Ümumi zəiflik, halsızlıq və yorğunluq
Xəstəlik irəlilədikcə oynaqlarda deformasiya və funksiyanın itməsi baş verə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB