Risk qrupuna aid hamiləliklər hansılardır? - GİNEKOLOQ AÇIQLADI

“Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq. Sosial-bioloji faktorlar, yaş faktoru (yaşı 18-dən aşağı 40-dan yuxarı olan), bədən-çəki indeksi, tütün məhsulları, spirtli içki, narkotik maddələr kimi zərərli vərdişlərdən istifadə halları artıq hamilənin risk qrupuna aid olduğunu göstərir”. Bu sözləri SİA-ya mama-ginekoloq Aynurə Əmirova deyib.

Onun sözlərinə görə, çoxsaylı doğuşu olan, hazırkı hamiləliyi çoxdöllü olan, daha öncə sonsuzluqdan əziyyət çəkən, anamnezində vaxtından əvvəl doğuşu, dölün bətndaxili inkişaf ləngiməsi olmuş, ürək-damar sistemi, hipertenziv vəziyyətlər, böyrək xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər kimi esktragenital problemləri olan qadınların hamiləliyində müəyyən fəsadlar yarana bilir: "Buna görə də, belə qadınlar müntəzəm müayinələrdən keçməlidirlər ki, problem aşkarlanarsa, müdaxilə vaxtında icra oluna bilsin”.

Ginekoloq sözlərinə davam edərək bildirib ki, hamiləlik dövründə, xüsusən də II trimestrində baş ağrıları, ürəkbulanma və qusma tez-tez olduğu təqdirdə həkimə müraciət mütləqdir: “Eyni zamanda, əgər uşaqlıq yolundan sulu və qanlı ifrazat gəlirsə, qarın nahiyəsində ağrı varsa, dölün hərəkətlərində zəifləmə və yaxud da tərpəniş, ümumiyyətlə, hiss olunmursa, sidik ifrazında azalma, yüksək təzyiq və ətraflarda ödem müşahidə olunursa, bu hallarda mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə