"Şükürlər olsun ki, insanlar cahillikdən uzaqlaşırlar" - HƏKİM DANIŞDI

"Əvvəlki illərə nisbətən artıq sınıqçı və çöpçülərin sayı azdır. Şükürlər olsun ki, insanlar cahillikdən uzaqlaşırlar. Savadlı insanların sayı çoxaldıqca sınıqçı və çöpçülərin dələduz olduğunu bilirlər". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, sınıqçı hər hansı anatomiyanı, sümüyün dayaq-hərəkət sisteminin quruluşunu, mexanika və fizikasını bilmədən hər hansı bir proseduru yerinə yetirməsi həmin insanı bədbəxt etməkdən başqa bir şey deyil: "İki sümüyü yan-yana qoyanda onlar onsuzda uzun müddətdən sonra birləşirlər. Sınıqçılar bərkidici materiallardan maddə hazırlayırlar. Həmin maddəni sınmış nahiyəyə vururlar və daha sonra sümük əyri formada birləşir, o nahiyələrdə mazollar yaranır. Bunlar da gələcəkdə ciddi şəkildə ağrılara səbəb olur. Bu səbəbdən hər hansısa sınıq və ya travmatoloji problem varsa, travmatoloqa, ortopedlərə müraciət etmək lazımdır ki, fəsadsız müalicə aparılsın".

Çöpçülərə gəldikdə isə terapevt bildirib ki, yalnız bizim ölkədə belə şəxslər mövcuddur: "Bilirik ki, ağız və burun boşluğu ətrafında ciblər var. Bu ciblərdə iltihablaşma və ya infeksiya ola bilər. Amma oradan çıxan qida qalıqları bəzən absurd olur. Əgər belə hallar bizim ölkədə uşaqlarda yaşanırsa, Avropa və ya digər qonşu ölkələrdə niyə yaşanmır? Bu insanların heç birinin tibbi savadı olmadığı üçün insanlara verə biləcəkləri xidmət "tutar qatıq, tutmaz ayran" prinsipindən o tərəfə keçmir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə