Pəhriz çörəyinin keyfiyyətini necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS AÇIQLADI

"Bu gün marketlərdə və bazarlarda satılan pəhriz çörəklər, eyni zamanda, şəkərsiz şirniyyatların əksəriyyəti biznes maraqları çərçivəsində hazırlanmış və qida hiylələri istifadə olunaraq istehlakçıları aldadan məhsullardır. Əgər pəhriz çörəyi çox tünd qara rəngdə hazırlanırsa, bu, birmənalı şəkildə düzgün qarşılanmamalıdır. Çünki o rəngdə buğda yoxdur". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, qara və ya boz çörək dedikləri pəhriz məhsullarında mütləq şəkildə qatqılar, rəngləndiricilər istifadə olunur: "Lakin diqqətdə saxlamaq lazımdır ki, tam buğda ununun kəpək və rüşeym qismi ayrılmadan hazırlanan çörəklər daha faydalıdır. Çünki kəpək və rüşeym qismində orqanizmi təhlükəli xəstəliklərdən, xüsusilə xərçəngdən qoruyan promilisin maddəsi var".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, buğdadan hazırlanan çörək B qrup vitaminləri ilə zəngindir: "Eyni zamanda, lifli bir qida hesab olunur. Gün ərzində səhər və günorta yeməklərində 1-3 dilim qəbul olunması orqanizm üçün faydalı hesab olunur. Çünki orqanizm günlük enerjini məhz karbohidratdan alır. Həmin karbohidratı keyfiyyətli çörəkdən alması daha faydalı olar. Pəhriz çörəkləri adı altında satılan məhsulların bəzən daha uzun müddət rəf ömrü olur. Bu da onun birmənalı şəkildə mayasız hazırlandığının göstəricisi ola bilsə də, digər məqamda rəf ömrünü uzatmaq üçün kimyəvi qatqı maddələrindən istifadə olunduğunu göstərir. Bu kimi qida hiylələrinə aldanmaq lazım deyil. Əgər keyfiyyətli çörək yemək istəyirlərsə, bunu yalnız özləri ev şəraitində hazırlaya bilərlər. Əsasən, tam buğda unundan ələnməmiş şəkildə kətan, çiya, qara çörəkotu, küncüt toxumlarından istifadə edərək faydalı çörək hazırlamaq olar. Bunu da bir az un, bir az paxlalardan istifadə edərək ya axşamdan hazırlanmış, ya da ən azı 6 saat acıdılmış mayadan hazırlamaq daha yaxşı olar".

"Digər bir məqam isə odur ki, bir dilim ağ çörəkdə olan kalori ilə bir dilim qara çörəkdə olan kalori miqdarı arasında çox az fərq var. Əgər çox kalorili çörək qəbul etmək istəmirlərsə, onu tosterdə və ya bir az qızardaraq qəbul edə bilərlər. Çünki bu halda çörəyin kalorisi iki qat aşağı düşür və tərkibindəki yapışqanlılıq azalmış olur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə