Memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarına başlanılıb

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarına başlanılıb

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanlarına başlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün 369 nəfər qeydiyyatdan keçib. Memarlıq ixtisası üzrə qabiliyyət imtahanları iyulun 28-dən 30-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində keçirilir.

Abituriyentlər imtahan zamanı rəsm fənni üzrə bacarıqlarını nümayiş etdirirlər. Qabiliyyət imtahanında iştirakçılar A3 formatlı kağız üzərində gipsdən hazırlanmış antik başın karandaşla təsvirini çəkməlidirlər.

İmtahanın nəticələri 10 ballıq şkala üzrə qiymətləndirilir. Altı və daha yuxarı bal toplayan abituriyentlər məqbul qiymət almış hesab edilirlər.

Qabiliyyət imtahanından uğurla keçən şəxslər ixtisas seçimi zamanı elektron ərizələrində memarlıq ixtisası ilə yanaşı, I ixtisas qrupuna aid digər ixtisasları da seçə bilərlər. Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanları barədə ətraflı məlumat 2026-cı ildə nəşr olunmuş “Abituriyent” jurnalının memarlıq adlı xüsusi buraxılışında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə