“İzafi xərclərin qarşısını almaq üçün alış-veriş əvvəlcədən planlaşdırılmalıdır” - EKSPERT DANIŞDI

“İzafi xərclərin qarşısını almaq üçün alış-veriş əvvəlcədən planlaşdırılmalıdır” - EKSPERT DANIŞDI

“Bir çox insan maaşını alan kimi qısa müddətdə xərcləyir. Bunun əsas səbəblərindən biri uzun müddət gözlədikdən sonra özünü mükafatlandırmaq istəyidir. Eyni zamanda, əvvəlcədən yığılan borcların ödənilməsi, gündəlik tələbatların qarşılanması, planlaşdırılmamış alış-veriş və maliyyə planının olmaması vəsaitin tez tükənməsinə səbəb olur”. Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, kartla ödənişin rahatlığı və onlayn alış-veriş imkanlarının genişlənməsi də xərcləməni asanlaşdırır və insanlar bəzən nə qədər pul xərclədiklərinin fərqinə varmırlar:

“Davranış iqtisadiyyatı göstərir ki, insanlar maliyyə qərarlarını hər zaman rasional şəkildə vermirlər. Onlar çox vaxt ani həzz və emosional məmnunluq yaradan seçimlərə üstünlük verir, uzunmüddətli faydanı isə ikinci plana keçirirlər. Endirim kampaniyaları, reklamlar, məhdud müddətli təkliflər və sosial təsir kimi amillər insanların ehtiyacları olmadığı halda belə alış-veriş etmələrinə səbəb ola bilər. Bu da göstərir ki, maliyyə qərarlarında emosiyalar və psixoloji amillər mühüm rol oynayır.

Maliyyə intizamının formalaşdırılması üçün ilk növbədə aylıq büdcə tərtib edilməli, gəlir və xərclər mütəmadi qeydiyyata alınmalıdır. Maaş əldə edilən kimi gəlirin müəyyən hissəsinin yığım hesabına köçürülməsi, zəruri və qeyri-zəruri xərclərin fərqləndirilməsi, konkret maliyyə məqsədlərinin müəyyənləşdirilməsi və həmin məqsədlərə uyğun hərəkət edilməsi büdcənin daha səmərəli idarə olunmasına kömək edir. Xərclərin mütəmadi təhlili isə lazımsız ödənişlərin azaldılmasına imkan yaradır.

İmpulsiv xərcləmələrin qarşısını almaq üçün alış-verişə çıxmazdan əvvəl siyahı hazırlamaq, iri məbləğli alış qərarlarını bir müddət təxirə salmaq, endirimlərə emosional deyil, real ehtiyac əsasında yanaşmaq və gündəlik xərclər üçün limit müəyyən etmək faydalıdır. Həmçinin alış-veriş tətbiqlərindən gələn bildirişlərin söndürülməsi, qənaət məqsədlərinin mütəmadi xatırlanması və hər alışın həqiqətən zəruri olub-olmadığının qiymətləndirilməsi daha düşünülmüş və sağlam maliyyə qərarlarının qəbul edilməsinə kömək edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə