"Azərbaycanın yaşıl enerji potensialı böyükdür" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 tədbirinin dünyanın ən böyük tədbiri kimi Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə imicinin yüksəlməsi, həm də təhlükəsiz ölkə reytinqinin daha da güclənməsi baxımından önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, digər tərəfdən Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi artır: "Həm də sonrakı dövrdə qlobal məsələlərdə də müzakirə məkanı kimi seçilməsi perspektivlərini daha da artıracaq. Azərbaycan uzun illər əraziləri Ermənistan tərəfindən işğal olunduğu dövrdə, bu gün belə Ermənistan tərəfindən ekoloji fəlakətlərə məruz qalmış bir ölkə kimi belə tədbirə ev sahibliyi edərək həm də dünyanın qlobal iqlim problemlərinin həllində maraqlı olduğunu nümayiş etdirəcək. İstisna deyil ki, COP29 tədbiri həm də bizə öz regionumuzdakı ekoloji vəziyyəti və ekoloji fəlakətləri göstərmək, bunların əsas səbəbinin məhz Ermənistan olduğunu göstərmək baxımından da önəmlidir.

Bununla yanaşı burada yaşıl enerji məsələsi də xüsusi önəm daşıyır. Çünki COP29 tədbirinin əsas prinsiplərindən biri də bu olacaq. Beynəlxalq investorların yaşıl enerjiyə investisiya qoyulmasını təşviq etmək də əsas prinsiplərdən biri olacaq. Bilirik ki, Azərbaycanın yaşıl enerji potensialı böyükdür. Xüsusilə, azad olunmuş ərazilərdə bu potensial var. Belə bir tədbir bizə həm yaşıl enerji potensialımızın təqdim edilməsi, həm də yaşıl enerji sektorumuza beynəlxalq investisiyanın cəlb edilməsi baxımından önəmlidir. Bütün bunlarla yanaşı məsələnin siyasi tərəfləri də var. Belə bir tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq reytinqini, gücünü artırır ki, bu da siyasi dividentlərin əldə edilməsi deməkdir. Ümumilikdə baxdıqda Azərbaycanın keçmiş təcrübəsi göstərir ki, Azərbaycanın bu tədbiri təşkil etmək imkanları var. Hesab edirəm ki, Azərbaycan bununla böyük dividentlər qazanacaq, həm də bu tədbir qlobal iqlim problemlərinin həllinə də töhfə verəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə