İqlim dəyişikliyinin yaratdığı mürəkkəb çağırışlarla mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq bu gün hər zamankından daha vacibdir. Azərbaycanın COP29-a sədrliyi dövlətlərin birgə fəaliyyət yolu ilə tarixi razılaşmalara nail ola biləcəyinin praktiki nümunəsinə çevrilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində deyib. “COP29 göstərdi ki, çoxtərəfli proseslər konkret nəticələr verə bilər və ölkələr razılığa gələ bilirlər. Yeni maliyyə hədəfi iqlim fəaliyyəti üçün trilyonlarla dollar təmin edəcək, həmçinin yüksək şəffaflığa malik karbon bazarları üçün qaydalar müəyyənləşdirilib. Bu uğurlar sübut edir ki, beynəlxalq tərəfdaşlıq iqlim böhranı ilə mübarizənin ən səmərəli yoludur”, – deyə Muxtar Babayev vurğulayıb.
Eyni zamanda, yazıda qeyd olunub ki, bu il COP29-un tarixi nəticələrinə əsaslanaraq qlobal arenada fəal rol davam etdiriləcək. Beynəlxalq OPEC Seminarı enerji keçidi üzrə əsas məsələlərdə, o cümlədən enerji şəbəkələri, saxlama sistemləri, dəhlizlər və hidrogen sahəsində əməkdaşlıq üçün mühüm platforma olub.
Müsahibədə vurğulanıb ki, son illərdə dövlətlər enerji təhlükəsizliyi ilə iqlim məqsədləri arasında tarazlığın vacibliyini daha aydın şəkildə dərk edirlər:”2022-ci ilin enerji böhranı göstərdi ki, enerji dayanıqlı, etibarlı və əlçatan qiymətə olmalıdır. Əks halda, sosial-iqtisadi inkişaf və iqlim tədbirlərinə ictimai dəstək zəifləyəcək”.
Qəzetdə diqqətə çatdırılıb ki, Azərbaycan COP29-da bütün tərəflərin mövqelərinin dinlənildiyi inklüziv mühit yaratmağa çalışıb.
Prezident İlham Əliyevin mesajına toxunan Muxtar Babayev qeyd edib ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə ön sırada olmalıdır. Bu gün milli iqlim planlarında gələcəyin enerji sistemlərinin layihələndirilməsi üçün əlverişli fürsətlər mövcuddur.
Müsahibədə Yaxın Şərq və Asiyanın neft istehsalçısı olan ölkələrin iqlim diplomatiyasındakı rolu yüksək qiymətləndirilib. Misirin COP27-yə sədrliyinin itkilər və zərərlər fondu yaradılmasına yol açdığı, Səudiyyə Ərəbistanının onilliklər boyu danışıqlarda “qiymətsiz” rol oynadığı və Birləşmiş Ərəb Əmirliklərinin COP28-də Paris Sazişinin ilk qlobal qiymətləndirilməsində tarixi konsensus əldə etdiyi xatırlanıb. Azərbaycanın COP29-a sədrliyi isə tarixdə ən böyük maliyyə hədəfinə nail olub. Muxtar Babayev bildirib ki, region ölkələri həm iqlim təsirlərinə birbaşa məruz qalmaları, həm də resurs, kapital və təcrübəyə malik olmaları sayəsində qlobal enerji keçidində aparıcı rol oynayacaq.
Muxtar Babayev ənənəvi enerji mənbələrinə tənqidlərin azalmasını enerji keçidinin “ədalətli, mərhələli və balanslı” şəkildə aparılmalı olmasına dair anlayışın güclənməsi ilə izah edib. O deyib ki, COP prosesi nəticəsində iqlim dəyişikliyinin qarşısını almaq istiqamətində real irəliləyişə nail olunub. Paris Sazişindən əvvəl 4 dərəcədən çox olan proqnozlaşdırılan temperatur artımı bu gün 3 dərəcədən aşağı enib.
COP30-a hazırlıqdan danışan Muxtar Babayev deyib ki, hazırda əsas diqqət “Bakı Bəyannaməsi”ndəki öhdəliklərin icrasına yönəlib. Bu öhdəliklərə 2035-ci ilə qədər 300 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində vəsaitin səfərbər olunması, iqlim maliyyəsinin ikiqat artırılması, adaptasiya tədbirlərinə dəstək və yeni nəsil iqlim fəaliyyət planlarının hazırlanmasına kömək daxildir.
Muxtar Babayev diqqətə çatdırıb ki, Azərbaycan 2026-cı ildə Dünya Şəhər Forumuna ev sahibliyi edəcək və iqlim məsələlərini sülh gündəliyi ilə əlaqələndirməyə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə