İqtisadçı-jurnalist Mətin Abbaslının Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs edən "COP29-un ardınca WUF13: Azərbaycan modeli qlobal arenada" sərlövhəli məqaləsini SİA AZƏRTAC-a istinadən təqdim edir.
Azərbaycan son illərdə qlobal gündəlikdə yalnız enerji və nəqliyyat layihələri ilə deyil, eyni zamanda, şəhərsalma və məskunlaşma sahəsində formalaşdırdığı yeni yanaşma ilə də diqqət mərkəzinə çevrilib. 2026-cı ildə Bakı 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək ki, bu da təsadüfi deyil. Bu, ölkəmizin davamlı inkişaf, inklüziv şəhər mühiti və müasir urbanizasiya prinsiplərinə sadiqliyinin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilməlidir.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının Keniyada keçirilən sessiyasında qəbul edilən qərar Azərbaycanın artıq qlobal şəhərsalma dialoqunun fəal iştirakçısından mühüm platformaların ev sahibinə çevrildiyini göstərir.
Ümumdünya Şəhərsalma Forumu müasir dövrdə urbanizasiya ilə bağlı ən aktual çağırışların müzakirə edildiyi əsas qlobal platformalardan biridir. Sürətli şəhərləşmə, mənzil təminatı, iqlim dəyişmələrinin şəhərlərə təsiri, təhlükəsiz və dayanıqlı yaşayış məkanlarının formalaşdırılması kimi məsələlər bu forumun əsas gündəliyini təşkil edir. Məhz belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə yalnız konseptual baxımdan deyil, praktiki təcrübə baxımından da dünyaya təqdim edəcək real nümunələrə malik olduğunu göstərir.

Azərbaycan bu gün təkcə regional güc deyil, eyni zamanda, müasir idarəetmə və sosial xidmət modelləri ilə tanınan bir ölkədir. ASAN Xidmət və DOST mərkəzləri bu baxımdan konkret nümunələrdir. Bu modellər bəzi yanlış yanaşmaları aradan qaldıraraq, şəffaflıq, operativlik və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub. Hazırda bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir və tətbiq edilir. Əsas məqamlardan biri odur ki, bu yanaşmalar epizodik, yəni müvəqqəti xarakter daşımır. Onlar uzunmüddətli və planlı dövlət siyasətinin tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni yaşayış məkanları bunun ən bariz nümunəsidir. Bu ərazilərdə həyata keçirilən layihələr yalnız dağıdılmış şəhər və kəndlərin bərpasını deyil, tamamilə yeni urbanizasiya modelinin qurulmasını nəzərdə tutur. İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər sıfırdan inşa edilir. Planlaşdırma prosesində sosial, iqtisadi və ekoloji amillər kompleks şəkildə nəzərə alınır. Burada dayanıqlı inkişaf və “yaşıl” yanaşmaların sintezindən ibarət Azərbaycan modeli formalaşır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları bu yanaşmanın əsasını təşkil edir.
“Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələr göstərir ki, dövlət bu ərazilərə qayıdan insanların yalnız məskunlaşmasını deyil, keyfiyyətli həyat şəraitini təmin etməyi hədəfləyir. Enerji effektivliyi, alternativ enerji mənbələrindən istifadə, rəqəmsal idarəetmə, müasir nəqliyyat və sosial infrastruktur bu sistemin əsas komponentləridir.
Ağalı kəndi kimi layihələr artıq bu yanaşmanın praktik nəticə verdiyini sübut edir. Bu ərazilərdə şəhərsalma yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır. Paralel olaraq təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları, ictimai məkanlar yaradılır, nəqliyyat və kommunikasiya xətləri müasir standartlara uyğun qurulur.
Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş və məsuliyyətli ev sahibi imici artıq özünü iqlim gündəliyində də təsdiqləyib. COP29-un Bakıda uğurla keçirilməsi ölkəmizin böyük beynəlxalq tədbirləri yüksək təşkilatçılıq səviyyəsində reallaşdırmaq imkanına malik olduğunu göstərdi. Bu təcrübə WUF13 üçün də mühüm etimad bazası yaradır. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi “Yeni şəhər gündəliyi”nin real təcrübələr fonunda müzakirəsi üçün əlverişli imkan yaradacaq. Davamlı və inklüziv şəhərlər, təhlükəsiz yaşayış mühiti ilə bağlı müzakirələr Azərbaycanın həyata keçirdiyi layihələr əsasında konkret məzmun qazanacaq. Bu baxımdan WUF13-ün Bakıda keçirilməsi COP29 zamanı formalaşan uğurlu təcrübənin məntiqi davamı kimi dəyərləndirilə bilər. COP29 çərçivəsində Azərbaycan yalnız ev sahibi funksiyasını yerinə yetirmədi, eyni zamanda, qlobal iqlim gündəliyində təşəbbüskar mövqe sərgilədi.
Tədbirin yüksək təşkilatçılıq səviyyəsi, təhlükəsizlik, logistika və məzmun baxımından uğurla reallaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirildi. Eyni yanaşmanın WUF13-də də tətbiqi Bakını qlobal şəhərsalma müzakirələrinin əsas mərkəzlərindən birinə çevirəcək. Bu forumdan sonra da şəhərsalma və urbanizasiya sahəsində “Azərbaycan təcrübəsi”nin beynəlxalq gündəlikdə daha tez-tez müzakirə olunacağı gözləniləndir. Nəticə etibarilə, Azərbaycanda keçiriləcək WUF13 təkcə beynəlxalq tədbir deyil. Bu, ölkənin uzunmüddətli inkişaf strategiyasının, postmünaqişə dövründə quruculuq siyasətinin və müasir şəhərsalma baxışının qlobal miqyasda təqdimatıdır. Azərbaycan bu forum vasitəsilə şəhərsalmanın gələcəyi ilə bağlı qlobal dialoqa öz modelini və real təcrübəsini təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB