“Şirkətin aktivləri əvvəlki illə müqayisədə 18 faiz, təxminən 7 milyon manat artıb” -ELNUR FƏTULLAYEV

“Şirkətin maliyyə vəziyyətini xarakterizə edən mühüm göstəricilərdən biri də öhdəliklərin həcminin azalmasıdır. Hesabat dövründə öhdəliklər 1,6 milyon manat azalıb. Borc və digər öhdəliklərin azalması şirkətin maliyyə dayanıqlılığının möhkəmlənməsinə, risklərin aşağı düşməsinə və ümumi maliyyə sağlamlığının yaxşılaşmasına müsbət təsir göstərib”.

SİA xəbər verir ki, bu sözləri “PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin Baş İcraçı direktorun müavini Elnur Fətullayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, öhdəlik yükünün azalması ilə yanaşı, aktivlərdə də əhəmiyyətli artım müşahidə olunub:

”Şirkətin aktivləri əvvəlki illə müqayisədə 18 faiz və ya təxminən 7 milyon manat artaraq daha yüksək səviyyəyə çatıb. Aktivlərin artması şirkətin maliyyə potensialının genişləndiyini, investisiya imkanlarının çoxaldığını və bazardakı mövqeyinin gücləndiyini göstərir.

Maliyyə göstəricilərinin etibarlılığını təmin etmək məqsədilə hesabatlar beynəlxalq audit və məsləhət xidmətləri göstərən nüfuzlu şirkət tərəfindən qiymətləndirilib. Audit nəticələri maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlandığını təsdiqləyib. Bu məlumatlar artıq şirkətin rəsmi internet səhifəsində dərc olunub və maraqlanan şəxslər həmin hesabatlarla daha ətraflı tanış ola bilərlər.

Öhdəliklərin azalması, aktivlərin artması və müsbət maliyyə nəticələri şirkətin sağlam inkişaf etdiyini, maliyyə dayanıqlılığının gücləndiyini və gələcək fəaliyyət üçün möhkəm əsas formalaşdırdığını göstərir. Bu göstəricilər həm investorlar, həm də bazar iştirakçıları üçün şirkətin etibarlı və perspektivli maliyyə qurumu olduğunu nümayiş etdirir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə