Braziliyanın Pernambuku ştatının Recife şəhərində 24 saat ərzində baş verən iki ayrı köpəkbalığı hücumu bölgədə ciddi narahatlıq yaradıb. Məşhur Boa Viagem çimərliyində əvvəlcə 11 yaşlı oğlan uşağı, daha sonra isə 19 yaşlı gənc qadın köpəkbalığının hücumuna məruz qalıb. Ağır yaralanan hər iki şəxsin ayağı amputasiya edilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk hücumun yaratdığı şok hələ keçməmiş, Pernambuku ştatının Recife şəhərində yerləşən Boa Viagem çimərliyində daha bir köpəkbalığı hücumu qeydə alınıb. Dənizə girərək sərinlənmək istəyən 19 yaşlı Marsela Vitoriya de Lima Santos qəfil köpəkbalığının hücumuna məruz qalıb.
Hadisəni görən ətrafdakı şəxslər gənc qadını dərhal sudan çıxarıblar. Sahildə növbədə olan təcili tibbi yardım əməkdaşları ona yerindəcə ilkin yardım göstəriblər.
Daha sonra təcili şəkildə xəstəxanaya çatdırılan Santos əməliyyata götürülüb. Həkimlər onun sağ ayağını xilas etməyə çalışsalar da, köpəkbalığının vurduğu ağır xəsarətlər səbəbindən ayaq dizdən yuxarı amputasiya edilib.
Rəsmi qurumların məlumatına görə, reanimasiya şöbəsində müalicəsi davam edən gənc qadının həyati təhlükəsi aradan qalxıb, lakin vəziyyəti hələ də həkim nəzarəti altındadır.
Mütəxəssislər bölgənin köpəkbalığı hücumları baxımından riskli ərazi olduğunu vurğulayır, yerli hakimiyyət isə sahilboyu təhlükəsizlik tədbirlərini gücləndirib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB