“Səbəbsiz və davamlı yorğunluq psixoloji yüklənmədən qaynaqlanır” - KÖŞƏ

“Son dövrlərdə bir çox insan özündə qəribə bir yorğunluq hiss etdiyini deyir. Bu, sadəcə fiziki yorğunluq deyil. İnsan səhər yuxudan oyansa belə, sanki bütün enerjisini artıq itirmiş kimi hiss edir. Günə başlamaq çətinləşir, ən adi işlər belə yorucu görünür. Bəzən insan heç nə etmədiyi halda belə özünü tükənmiş hiss edir. Ən ağır tərəfi isə odur ki, bu vəziyyət zamanla insanın həyat eşqini və motivasiyasını əlindən almağa başlayır.

Tez yorulmaq, hərəkət etməyə həvəssiz olmaq, insanlardan uzaqlaşmaq və evdən çıxmaq istəməmək artıq bir çox insanın gündəlik halına çevrilib. İnsan əvvəl sevdiyi şeylərdən belə zövq ala bilmir. Dostlarla görüşmək, gəzmək, yeni yerlər görmək belə yorucu və mənasız görünür. Bir müddət sonra insan öz otağına, öz sakitliyinə qapanmağa başlayır. Sanki dünya ilə arasında görünməz bir məsafə yaranır.

Psixoloqlar bildirirlər ki, bu vəziyyətin səbəbi təkcə fiziki yorğunluq deyil. Uzun müddətli stress, sosial təzyiq, maddi problemlər, gələcəklə bağlı narahatlıqlar və emosional yüklənmə insanın psixoloji enerjisini tükəndirə bilir. Xüsusilə sosial şəbəkələrdə hər kəsin “xoşbəxt”, “uğurlu” və “mükəmməl” görünməsi insanlarda öz həyatına qarşı narazılıq hissini daha da artırır. İnsan fərqində olmadan özünü başqaları ilə müqayisə edir və nəticədə daxili yorğunluq daha da dərinləşir.

Bəzən insanlar bu vəziyyəti sadəcə “tənbəllik” kimi qəbul edirlər. Halbuki insanın heç nəyə həvəsinin qalmaması, davamlı yorğun hiss etməsi və cəmiyyətdən uzaqlaşmaq istəyi psixoloji yüklənmənin əlaməti ola bilər. İnsan danışmaq istəmir, heç kimə özünü izah etmək istəmir, sadəcə sakit qalmaq istəyir. Amma uzun müddət bu hisslərlə tək qalmaq insanın həm psixoloji, həm də fiziki sağlamlığına təsir edə bilər.

Mütəxəssislər hesab edirlər ki, belə hallarda insan ilk növbədə özünü günahlandırmamalıdır. Bəzən insanın sadəcə dayanmağa, nəfəs almağa və emosional olaraq dincəlməyə ehtiyacı olur. Kiçik gəzintilər, gündəlik rejimin dəyişdirilməsi, yaxın insanlarla ünsiyyət və psixoloji dəstək insanın bu vəziyyətdən çıxmasına kömək edə bilər. Çünki insan daim güclü görünməyə çalışdıqca daxilindəki yorğunluğu daha da böyüdür.

Ən vacib məqam isə budur ki, hər zaman gülümsəyən insanlar belə daxilən yorğun ola bilər. Bəzən ən sakit görünən insanın içində böyük bir tükənmişlik yaşayır. Ona görə də insanların hisslərini kiçiltmək, “keçər”, “özünü yorma” deməklə problemi görməzlikdən gəlmək əvəzinə onları anlamağa çalışmaq daha vacibdir. Çünki bəzən bir insanın ən çox ehtiyac duyduğu şey sadəcə anlaşılmaq olur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə