"Dünyada fosil yanacaq idxalından asılılığın getdikcə artdığının şahidi oluruq. Qazıntı yanacağı olmadan bəşəriyyət son dərəcə çətin sınaqlarla üz-üzə qalar. 1960-cı ildən bəri fosil yanacaq idxalı 12 dəfə artaraq, 2022-ci ildə qlobal ilkin enerji təchizatının üçdə birindən çoxunu təmin edib".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, statistik göstəricilər artıq həyəcan təbili çalır: " Bu məsələdə Çin, ABŞ, Rusiya və Avropa İttifaqı kimi böyük güclərlə yanaşı, orta və kiçik dövlətlərin də təxirəsalınmaz addımlar atması tələb olunur.
Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Qlobal ticarətin dayanıqlılığı da birbaşa bu sahə ilə bağlıdır. Beynəlxalq nizamın zəifləməsi, regional münaqişələrin artması, dəniz nəqliyyatı marşrutları uğrunda rəqabətin güclənməsi, eləcə də tarif müharibələrinin sürətlənməsi dünya iqtisadiyyatını daha dərin risklərlə üz-üzə qoyur.
Belə bir şəraitdə dövlətlər arasında səmərəli əməkdaşlığın və qarşılıqlı asılılığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi zəruri xarakter daşıyır. Əgər enerji təchizatında ciddi fasilələr yaranarsa, dünya iqtisadiyyatı ağır böhran və iflic vəziyyəti ilə üzləşə bilər. Məhz buna görə uzaqgörən dövlətlər iki əsas istiqamət üzrə siyasət həyata keçirməyə başlayıblar. Birincisi, enerji təchizatının yerli və bərpaolunan enerji mənbələri hesabına gücləndirilməsi, ikincisi isə enerji istehlakının daxildə istehsal olunan elektrik enerjisinə yönəldilməsidir. Bakı Enerji Həftəsində çıxışı zamanı cənab Prezident İlham Əliyev həm qlobal enerji sektorunda müşahidə olunan müasir tendensiyalara, həm də Azərbaycanın enerji təhlükəsizliyi strategiyasına geniş şəkildə toxundu. Dünyada müşahidə olunan mənfi meyilləri açıq şəkildə diqqətə çatdıran dövlət başçımız eyni zamanda dövlətlər arasında daha səmərəli əməkdaşlığın qurulmasını mühüm vəzifə kimi qiymətləndirdi.
Bakı Enerji Həftəsi özlüyündə olduqca əhəmiyyətli beynəlxalq platformadır. Burada dövlət və hökumət başçıları, enerji sektoru üzrə mütəxəssislər, beynəlxalq təşkilatların və beyin mərkəzlərinin nümayəndələri bir araya gələrək enerji təhlükəsizliyi sahəsində mövcud çağırışları və riskləri müzakirə edirlər.
Nəzərə alsaq ki, Azərbaycan Cənubi Qafqazın yeganə enerji ixracatçısıdır, ölkəmiz həm region iqtisadiyyatının inkişafına, həm də Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi sistemə inteqrasiyasına mühüm töhfələr verir. Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən enerji strategiyası olmasaydı, Azərbaycanın bugünkü uğurlarından, o cümlədən Qarabağ Zəfərindən danışmaq çətin olardı. Məhz bu uzaqgörən siyasətin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün formalaşmasına da mühüm töhfə verir. Diqqət yetirilməli əsas məqamlardan biri də budur ki, enerji resurslarına malik olduğuna görə Azərbaycanın tənqid olunması obyektiv yanaşma deyil. Cənab Prezident İlham Əliyev də çıxışında bu məqama xüsusi diqqət çəkərək, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa verdiyi dəstəyə görə ABŞ liderinə təşəkkürünü ifadə etdi.
Bakı Enerji Həftəsi çərçivəsində nümayiş etdirilən mövqe Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi, xarici investisiyaların cəlb olunması və regionun enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB