İnsan niyə bəzi insanlara qarşı səbəbsiz yaxınlıq və ya uzaqlıq hiss edir? - PSİXOLOQ DANIŞDI
"İnsanın bəzi insanlara qarşı səbəbsiz yaxınlıq, bəzilərinə isə uzaqlıq hiss etməsinin arxasında həm şüurlu, həm də şüuraltı proseslər dayanır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.
.jpg)
Onun sözlərinə görə, insanın bəzi şəxslərə yaxınlıq hiss etməsinin müxtəlif səbəbləri var: "Bunlardan biri simpatiyadır. Qarşı tərəfin səs tonu, baxışları, davranışları, ünsiyyət tərzi və yaratdığı ümumi təəssürat insanda rahatlıq və təhlükəsizlik hissi yarada bilər. İnsan özünü həmin şəxsin yanında daha komfortlu hiss edir və bu da yaxınlığın formalaşmasına səbəb olur.
Digər mühüm səbəblərdən biri şüuraltı assosiasiyalardır. Bəzən qarşımızdakı insan bizə keçmişdə tanıdığımız birini xatırladır. Bu xatırlatma müsbət və ya mənfi ola bilər. Əgər həmin şəxs bizdə xoş xatirələr oyadırsa, ona qarşı yaxınlıq hiss edə bilərik. Əksinə, keçmişdə bizi incidən və ya narahat edən bir insanı xatırladırsa, onda müəyyən uzaqlıq və ya etimadsızlıq hissi yarana bilər.
İnsanlar adətən öz həyat tərzinə, dəyərlərinə və xarakter xüsusiyyətlərinə uyğun olan insanlarla daha rahat ünsiyyət qururlar. Oxşar maraqlar, dünyagörüşü və davranış tərzi insanlar arasında yaxınlaşmanı asanlaşdırır. Uyğunluq hissi artdıqca münasibətlər də daha səmimi olur.
Bu prosesdə beynin məlumatları emal etmə üsulu da mühüm rol oynayır. İnsan beyni topladığı təcrübələrə, müşahidələrə və keçmiş yaşantılara əsaslanaraq qarşı tərəf haqqında ilkin təsəvvür formalaşdırır. Buna görə də bəzən ilk baxışdan müəyyən bir insana qarşı yaxınlıq və ya uzaqlıq hiss edə bilərik.
Bəzi yanaşmalarda bu hisslər enerji uyğunluğu və ya intuitiv qəbul ilə də izah olunur. Lakin elmi baxımdan əsas rolu insanın təcrübələri, emosional yaddaşı, xarakter xüsusiyyətləri və sosial münasibətləri oynayır.
Maraqlıdır ki, ilk təəssüratlar hər zaman doğru olmur. Bəzən ilk görüşdə bizə uzaq görünən insanlar sonradan həyatımızda çox önəmli yer tutur. Eyni zamanda, ilk anda özümüzü çox yaxın hiss etdiyimiz insanlarla münasibətlər sonradan zəifləyə bilər. Buna görə də insanları yalnız ilk hisslərə əsasən deyil, zamanla tanımağa çalışmaq daha sağlam yanaşmadır.
Beləliklə, insanın kiməsə qarşı yaxınlıq və ya uzaqlıq hiss etməsi onun psixoloji xüsusiyyətləri, keçmiş təcrübələri, həyat tərzi, dəyərləri və qarşı tərəflə uyğunluq səviyyəsi ilə bağlı mürəkkəb bir prosesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB