“Xalis komissiya gəlirləri 1,25 milyon manat və ya təxminən 18 faiz artıb” -ELNUR FƏTULLAYEV

“2025-ci ildə şirkətin əsas maliyyə göstəricilərində müsbət dinamika müşahidə olunub. Əgər gəlirlərə nəzər salsaq, 2024-cü ildə 8,4 milyon manat təşkil edən ümumi gəlirlər 2025-ci ildə təxminən 18 faiz artaraq 9,9 milyon manata çatıb. Bu artım şirkətin bazardakı mövqeyinin gücləndiyini və fəaliyyətinin daha da genişləndiyini göstərir”.

SİA xəbər verir ki, bu sözləri “PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin Baş İcraçı direktorun müavini Elnur Fətullayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gəlirlərin strukturuna baxdıqda əsas payın xalis komissiya gəlirlərinə məxsus olduğu görünür:

”Xalis komissiya gəlirləri 1,25 milyon manat və ya təxminən 18 faiz artaraq 9,4 milyon manata yüksəlib. Bu göstərici şirkətin əsas fəaliyyət istiqamətlərinin uğurla inkişaf etdiyini təsdiqləyir.

Xalis komissiya gəlirlərinin tərkibində ən böyük pay vasitəçilik və brokerlik xidmətlərindən əldə olunan komissiyalara məxsusdur. Bu sahədə əməliyyatların həcminin artması komissiya gəlirlərinin də yüksəlməsinə səbəb olub. Həm dövlət, həm də özəl sektor üzrə həyata keçirilən əməliyyatlar şirkətin gəlirlərinin artmasında mühüm rol oynayıb.

Şirkətin fəaliyyət səmərəliliyini əks etdirən ən vacib göstəricilərdən biri xalis mənfəət marjasıdır. 2025-ci ildə bu göstərici 24,5 faiz təşkil edib. Bu isə o deməkdir ki, əldə olunan gəlirlərin əhəmiyyətli hissəsi xalis mənfəətə çevrilir. Belə yüksək mənfəətlilik səviyyəsi şirkətin maliyyə dayanıqlılığını, resurslardan səmərəli istifadə etdiyini və investorlara cəlbedici imkanlar təqdim etdiyini göstərir.

Ümumilikdə, maliyyə nəticələri şirkətin 2025-ci ildə həm gəlir, həm də mənfəət baxımından uğurlu fəaliyyət göstərdiyini, bazardakı mövqeyini möhkəmləndirdiyini və gələcək inkişaf üçün əlverişli şərait formalaşdırdığını nümayiş etdirir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə