“Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır” -DEPUTAT DANIŞDI

“Bakı Enerji Həftəsi Azərbaycanın enerji siyasətinin uğurlarının beynəlxalq səviyyədə nümayiş etdirildiyi ən nüfuzlu platformalardan biridir. Prezident İlham Əliyevin tədbirdə iştirakı və çıxışı bir daha göstərdi ki, Azərbaycan həm enerji resurslarının istehsalçısı, həm də regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, bu tədbir müxtəlif ölkələrin rəsmilərini, beynəlxalq təşkilatları və aparıcı enerji şirkətlərini bir araya gətirərək əməkdaşlıq və dialoq üçün əlverişli mühit yaradır:

”Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizin enerji diplomatiyasının uğurla həyata keçirildiyini və regionda sabitlik, əməkdaşlıq təşəbbüslərinin mərkəzində yer aldığını göstərir.
Bakı Enerji Həftəsi eyni zamanda yeni investisiyaların cəlb olunması, mövcud enerji layihələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün əlverişli imkanlar yaradır. Azərbaycanın həm neft-qaz sektoru, həm də yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr beynəlxalq investorların diqqətini cəlb edir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji ixracı və enerji keçidi ilə bağlı təşəbbüslər ölkəmizin uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Cənab Prezidentin də söylədiyi kimi, “Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır.“
Bu baxımdan, Bakı Enerji Həftəsi həm də Azərbaycanın iqtisadi potensialının, investisiya imkanlarının və qlobal enerji gündəliyinin formalaşmasında oynadığı rolun nümayiş olunduğu mühüm platformadır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə