Ürək xəstəliyindən ölüm riskini 63 faiz azaldan bir orqan müəyyən edilib...

...Amerikalı tədqiqatçılar timus vəzinin yetkinlərdə vacib immun funksiyalarını qoruduğunu sübut ediblər.

Əvvəllər yetkinlik yaşına çatdıqdan sonra aktiv olmadığı düşünülən bu orqan ömür uzunluğuna və xərçəng müalicəsinin uğuruna birbaşa təsir göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, Mass General Brigham və Qadın Sağlamlığı Mərkəzinin mütəxəssislərindən ibarət qrup genişmiqyaslı tədqiqatın nəticələrini Nature elmi jurnalında dərc ediblər.

Süni intellektdən istifadə edərək müəlliflər iki böyük tədqiqat proqramında 27.500-dən çox iştirakçının döş qəfəsi kompüter tomoqrafiyasını təhlil ediblər.

Alimlər vəzin toxumasının quruluşuna və tərkibinə əsasən "timus sağlamlığı" indeksi hazırlayıblar.

Əldə edilən məlumatlara görə, timus funksiyası yüksək olan insanlarda hər hansı bir səbəbdən ölüm riski 50 faiz daha aşağıdır.

Bu cür xəstələrdə ürək-damar xəstəliklərindən ölüm ehtimalı 63, ağciyər xərçəngi riski isə 36 faiz azalır.

Mütəxəssislərin fikrincə, timus funksiyasının pisləşməsi qoruyucu T-limfositlərin müxtəlifliyini azaldır və bu da bədənin şişləri və infeksiyaları tanımasını çətinləşdirir. Alimlər siqaret çəkməyi, artıq çəkini və xroniki iltihabı timusa zərər verən əsas amillər kimi müəyyən ediblər.

Layihə rəhbəri Hugo Aerts qeyd edib ki, timus onilliklərdir tibbdə qiymətləndirilməyib.

Onun sözlərinə görə, bu orqanın vəziyyəti insanların niyə fərqli sürətlə qocaldığını və müasir immunoterapiyaya fərqli reaksiya verdiyini izah edə bilər.

Gələcəkdə müəlliflər vəzin funksiyasını həyat tərzi dəyişiklikləri və ya dərmanlar vasitəsilə bərpa etməyin mümkün olub-olmadığını müəyyən etməyi planlaşdırırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə