ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində ölkəsinin qlobal liderliyini qorumaq, innovasiyaların inkişafını sürətləndirmək və milli təhlükəsizliyi gücləndirmək məqsədilə yeni prezident sərəncamı imzalayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ağ Ev tərəfindən yayımlanan “Qabaqcıl Süni İntellekt İnnovasiyalarının və Təhlükəsizliyinin Təşviqi” adlı sərəncamda bildirilir ki, ABŞ hökuməti süni intellekt inkişaf etdirən şirkətlər və tədqiqatçılar üzərindəki bəzi məhdudiyyətləri azaltmaqla texnoloji tərəqqini və iqtisadi investisiyaları sürətləndirməyi hədəfləyir.
Sənəddə vurğulanır ki, “Əvvəlcə Amerika” strategiyası çərçivəsində həyata keçiriləcək kibertəhlükəsizlik tədbirləri həm ölkənin milli təhlükəsizliyini möhkəmləndirəcək, həm də ABŞ-ın süni intellekt sahəsində qlobal üstünlüyünü artıracaq.
Sərəncama əsasən, aidiyyəti dövlət qurumlarına süni intellekt sistemlərinin kibermüdafiəsinin gücləndirilməsi üçün 30 gün vaxt verilib. Həmçinin 60 gün ərzində ABŞ-da inkişaf etdirilən qabaqcıl süni intellekt modellərinin kibertəhlükəsizlik imkanlarını qiymətləndirmək məqsədilə məxfi müqayisə və test mexanizmi hazırlanacaq. Bu proses nəticəsində hansı sistemlərin “öncül süni intellekt modeli” statusu daşıdığı müəyyən ediləcək.
Sərəncamda qeyd olunur ki, yeni süni intellekt modellərinin hazırlanması, yayımlanması və ya istifadəyə verilməsi üçün hökumət tərəfindən məcburi lisenziya, icazə və ya xüsusi qeydiyyat tələbi tətbiq olunmayacaq.
Bununla yanaşı, istəyən tərtibatçılar öz modellərini bazara çıxarmazdan əvvəl maksimum 30 gün müddətinə təhlükəsiz və məxfi şəkildə federal hökumətin ekspertizasına təqdim edə biləcəklər.
Yeni qərar ABŞ administrasiyasının süni intellekt sahəsində innovasiyaları təşviq etməklə yanaşı, milli təhlükəsizlik risklərini minimuma endirmək məqsədi daşıyır.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB