"Balakəndə əhaliyə göstərilən yüksək tibbi xidmətə kölgə salmaq məqsədi güdənlər var" - TƏKZİB

Bəzi kütləvi informasiya vasitələridə Balakən rayon Mərkəzi Xəstəxanasında acınacaqlı vəziyyətin olması barədə yazılar dərc edilib. SİA-nın əməkdaşı Balakən rayon səhiyyə şöbəsi ilə əlaqə saxlayıb və məsələyə münasibət öyrənməyə çalışıb. Balakən rayon Səhiyyə şöbəsinin müdiri H.Nuriyevin bildirdiyinə görə, Rayon Mərkəzi xəstəxanası haqqında yazılanlar böhtan və yalan xarakteri daşıyır.


"Mərkəzi xəstəxana yeni binaya köçərkən heç bir həkimdən pul alınmayıb və əla şəraiti olan xəstəxanada xəstələrə yüksək səviyyədə pulsuz tibbi xidmət göstərilir. Balakən ucqar bir rayon olduğu üçün hal-hazırda 10 həkim ştatı vakantdır və bu barədə Səhiyyə Nazirliyinə məlumat verilib, "Tibb qəzetində" elan verilib. Bu səbəbdən də həkimlərin işdə qalması üçün onlardan rüşvət istənilməsi yazısı tamamilə böhtan xarekterlidir, həqiqətə uyğun deyil. Xəstəxanamızda müalicə alan xəstələr buradakı tibbi xidmətdən razıdırlar və xəstələrə lazimi iynə, dərman pulsuz verilir. Rayonumuzda qeydiyyatda olan 1156 nəfər şəkərli diabet xəstəsi müntəzəm olaraq pulsuz dərmanla təmin edilir, bu barədə Səhiyyə şöbəsinə heç bir şikayət daxil olmamışdır. Həkimlərdən rayon rəhbərliyi üçün hər ay pul yığılması qeydi tamamı ilə absurddur və düzgün deyil", deyə şöbə müdiri bildirib.


Rayon səhiyyə şöbəsinin müdiri bildirib ki, bəzi mətbuat orqanlarında gedən bu məlumatlar rayonumuzda əhaliyə göstərilən yüksək tibbi xidmətə kölgə salmaq məqsədi güdərək kimlərinsə subyektiv maraqlarına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə