“Makronun siyasəti Fransada sosial gərginliyi artırır, yaxın günlərdə istefalar ola bilər” - POLİTOLOQ
"Fransada günlərdir davam edən iğtişaşların Makronun apardığı yanlış siyasətin nəticəsidir. Əhalinin güzəranı getdikcə ağırlaşır, enerji qiymətləri artır, maaşlar və pensiyalar isə yüksəlmir. Bütün bunlar əhalinin narazılığına səbəb olur və insanlar iğtişaşlar törətməklə öz etirazlarını bildirirlər. Nəticədə Fransada sosial gərginlik daha da artır".
Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Fransadan sonra oxşar iğtişaşlar İspaniya və İtaliyada da müşahidə olunur: "ABŞ Prezidenti Donald Tramp isə baş verən hadisələrin səbəbini Fransaya çoxlu sayda miqrantın gəlməsində və Makronun düzgün mövqe tutmamasında görür. Makron isə buna cavab olaraq ABŞ-ın Fransanın daxili işlərinə qarışmamalı olduğunu bildirir. Beləliklə, tərəflər arasında gərginlik daha da artır.
Hətta bu iğtişaşlarla bağlı İtaliyanın baş naziri də bildirib ki, hadisələrin arxasında Rusiyanın xüsusi xidmət orqanları dayananır. Onun fikrincə, Rusiya Avropa ölkələrində iğtişaşlar törətməklə gərginliyi artırmağa və Avropanın Ukraynaya dəstəyini azaltmağa çalışa bilər. Təbii ki, bu ehtimalı da istisna etmək olmaz.
Bununla belə, Fransa çox böyük dövlətdir və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Eyni zamanda, nüvə dövlətidir və iqtisadiyyatı uzun müddət yüksək inkişaf səviyyəsi ilə seçilib. Ancaq xüsusilə Makronun ikinci prezidentlik dövründə ölkədə iqtisadi vəziyyət zəifləyib, əhalinin sosial durumu isə getdikcə ağırlaşıb.
Məktəblərdə baş verən iğtişaşlar, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi, elektrik enerjisinin və yanacağın qiymətinin artması insanların səbir kasasını daşırıb. Nəticədə vətəndaşlar etiraz aksiyalarına başlayıblar.
Neçə nəfərin yaralanması, neçə nəfərin həbs olunması və ölkədə sosial gərginliyin artması ilə bağlı baş verənlər Fransanın hazırkı prezidenti və onun komandasının ölkəni idarə etmək qabiliyyəti ilə bağlı ciddi suallar yaradır. Hesab edirəm ki, yaxın günlərdə Fransada bir neçə yüksək vəzifəli şəxsin istefası baş verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB