Cərrahın səhvi ölümlə nəticələnərsə, hüquqi məsuliyyət necə müəyyən olunur? - VƏKİL DANIŞDI

Cərrahın səhvi ölümlə nəticələnərsə, hüquqi məsuliyyət necə müəyyən olunur? - VƏKİL DANIŞDI

"Hər ölüm halı avtomatik olaraq həkimin günahı demək deyil. Tibb riskli sahədir və bəzən həkim hər şeyi düzgün etsə belə, nəticə faciəvi ola bilər. Hüquq burada bir sualın cavabını axtarır: həkim öz peşə vəzifəsini lazımi qaydada yerinə yetiribmi? Əgər həkim işinə vicdansız və ya laqeyd yanaşıbsa və bu, ölümə səbəb olubsa, o zaman cinayət məsuliyyəti yaranır".

Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 142-ci maddəsi məhz tibbi xidmətin göstərilməsi qaydalarının pozulmasına həsr olunub. Bu maddə 2025-ci ilin iyununda yeni redaksiyada qəbul edilib. Tibb işçisinin səhlənkarlığı ehtiyatsızlıqdan pasiyentin ölümünə səbəb olarsa, iki ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bundan əlavə, həkim üç ilədək həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilir. İki və ya daha çox şəxsin ölümü halında isə cəza dörd ildən yeddi ilədək azadlıqdan məhrumetmədir:

"Ayrıca bir məqamı da vurğulamaq istərdim: həkimin öz ixtisasına uyğun olmayan əməliyyat aparması və ya klinikanın lisenziyasından kənar xidmət göstərməsi də eyni maddə ilə məsuliyyət yaradır.

Bu, belə işlərin ən çətin hissəsidir. Burada əsas sübut komisyon məhkəmə-tibbi ekspertizasıdır. Ekspertizada məhkəmə-tibb ekspertləri ilə yanaşı, müvafiq sahə üzrə, məsələn, cərrahiyyə və ya anesteziologiya üzrə mütəxəssislər də iştirak edirlər.

Ekspertlər əslində üç əsas suala cavab verirlər: ölümün səbəbi nədir, tibbi yardımın göstərilməsində qüsur olubmu və həkim düzgün hərəkət etsəydi, pasiyenti xilas etmək mümkün idimi?

Əgər sonuncu suala “bəli” cavabı verilirsə, deməli, səbəbli əlaqə mövcuddur. Əgər ölüm xəstəliyin özünün ağırlığından, həkimə gec müraciət edilməsindən və ya pasiyentin həkim tövsiyələrinə əməl etməməsindən baş veribsə, həkimin məsuliyyəti ya azalır, ya da tamamilə aradan qalxır.

Bəs həkimin hərəkətləri hansı meyarlarla qiymətləndirilir? Bunun üçün klinik protokollar və təsdiq olunmuş tibbi standartlar əsas götürülür.

Əgər həkimin əməlində cinayət tərkibi müəyyən olunubsa və onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa, ailə üzvləri maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər. Bu halda cavabdeh adətən tibb müəssisəsi olur. Maraqlıdır ki, cinayət məsuliyyəti sübut olunmasa belə, mülki məsuliyyət yarana bilər. Çünki mülki işlərdə sübutetmə standartları fərqlidir. Bundan əlavə, həkim intizam məsuliyyətinə də cəlb oluna, hətta onun sertifikatı ləğv edilə bilər.

Belə vəziyyətlə üzləşən ailələrə tövsiyəm budur ki, ilk növbədə, emosiyalarla deyil, sübutlarla hərəkət etsinlər. Tibbi sənədlərin surətlərini vaxtında əldə etsinlər, zərurət yarandıqda yarılmanın aparılmasına və ekspertizanın təyin olunmasına nail olsunlar. Ekspertizanın nəticəsi ilə razı deyillərsə, təkrar və ya əlavə ekspertiza tələb etmək hüquqları var.

Həkimlərə isə onu deyə bilərəm ki, qanun həkimləri cəzalandırmaq üçün deyil, pasiyentin həyatını qorumaq üçün mövcuddur. Protokollara əməl edən, pasiyenti risklər barədə məlumatlandıran və hər addımını düzgün sənədləşdirən həkimin qorxmalı olduğu bir şey yoxdur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə