Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? - PROFESSOR AÇIQLADI

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? - PROFESSOR AÇIQLADI

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqların əli çatan yerlərdə saxlanılması zəhərlənmə və digər ağır fəsadlarla nəticələnə bilər. Bu risklərin qarşısını almaq üçün valideynlərin dərman istifadəsi və evdə təhlükəsizlik qaydaları barədə məlumatlı olması vacibdir.

Bəs, valideynlərin uşaqların sağlamlığı ilə bağlı ən çox yol verdiyi təhlükəli tibbi səhvlər hansılardır, yanlış dərman istifadəsi və zəhərli maddələrlə təmas hansı ağır fəsadlara səbəb ola bilər və bu risklərdən qorunmaq üçün hansı qaydalara əməl edilməlidir?

Mövzu ilə bağlı professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, nəinki uşaqlara, hətta böyüklərə də həkim məsləhəti olmadan dərman vermək olmaz:

“Uşaqlarda hərarət yüksəldikdə dərman istifadəsinə xüsusi diqqət yetirilməlidir. Parasetamol bəzi hallarda qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu, nadir hallarda baş versə də, risk mövcuddur. Buna görə də preparatın düzgün dozada və həkim tövsiyəsinə uyğun istifadəsi vacibdir. Bir çox ölkələrdə ailə həkimi institutu mövcuddur və bu cür məsələlər həkimlə məsləhətləşərək həll edilir. Əvvəllər Azərbaycanda sahə pediatrları və sahə həkimləri fəaliyyət göstərirdi. Onlar uşaqların sağlamlığına nəzarət edir, müayinələr aparır və müvafiq təyinatlar verirdilər. Valideynlərin özbaşına uşaqlara dərman təyin etməsi yolverilməzdir. Bu cür müdaxilələr uşağın sağlamlığı üçün ciddi təhlükə yarada, ağır fəsadlara səbəb ola bilər. Valideynlərin əsas vəzifəsi uşaqların sağlamlığına və inkişafına diqqət yetirmək, onları milli peyvənd təqviminə uyğun vaxtında peyvənd etdirməkdir. Uşaqda hər hansı şikayət yarandıqda isə həkimə müraciət edilməlidir. Hazırda belə hallarda valideynlər, əsasən, pediatrlara müraciət edirlər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə