“Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində qeyd olunur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz:
“Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, cəmiyyətə, dövlətə münasibətinə görə ona verilən qiymət başa düşülür.
Hər kəsin ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi özünün özünə verdiyi qiymət başa düşülür.
Nüfuz isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqedir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu dövlət tərəfindən müdafiə olunur.
Mənəvi zərər, haqsız bir hərəkət və ya hərəkətsizlik nəticəsində şəxsin mənəvi varlığında məruz qaldığı zərərləri ifadə edir. Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir.
Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə, saytlarda) şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma:
1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB