"Hazırda kolleclərlə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Onların əmək bazarı ilə əlaqələri və iş dünyasındakı rəqabət qabiliyyəti kifayət qədər yüksək deyil".
Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
Onun sözlərinə görə, deyək ki, şagirdlər üçün kolleclərdə təhsil almaq imkanı yaradılır: "Bəs həmin kolleclərdə təhsil alan tələbələr sonradan iş tapa bilməyəcəklərsə, niyə əlavə vaxt itirməlidirlər?
Etiraf edək ki, tibb kolleclərindəki tibbi ixtisasları istisna etməklə, digər ixtisasların bir çoxu əmək bazarında o qədər də səmərəli deyil. Bu, təəssüf doğuran məqamdır. Biz düşünməliyik ki, kollecləri necə daha faydalı edə bilərik.
Kollecdə oxumaq, qəbul imtahanında iştirak etmək, müəyyən bal toplamaq və ixtisas seçimi zamanı hər hansı kolleci seçmək çətin deyil. Ancaq həmin kolleci bitirdikdən sonra əldə etdiyin diplom sənə lazım olmayacaqsa, orada təhsil almağın nə mənası var?
Bu gün kollecləri əmək bazarı ilə daha sıx əlaqələndirməliyik. Əmək bazarında tələb olunan elə ixtisaslar müəyyənləşdirilməlidir ki, həmin ixtisaslar kolleclərdə də tədris olunsun və məzunlar iş tapmaq imkanına malik olsunlar.
Məsələn, əvvəllər tibb bacısı ixtisası kolleclərdə tədris olunurdu, sonradan bu ixtisas universitetlərə də verildi. Ancaq bu dəyişiklik rəqabəti aradan qaldırmadı. Görünən odur ki, gələcəkdə tibb kolleclərində tibb bacısı ixtisası üzrə təhsil alanların sayı da azala bilər.
Digər tərəfdən, bank işi, poçt işi və vergi işi kimi ixtisaslar mövcuddur. Bu ixtisasların adları kifayət qədər cəlbedici səslənir. Ancaq gəlin baxaq: bu gün universitetlərin iqtisadiyyat profilli ixtisaslarına, məsələn, maliyyə, mühasibatlıq, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisaslarına qəbul olunan şəxslərin əmək bazarında daha geniş iş imkanları var.
Təsəvvür edin ki, siz universitetdə maliyyə ixtisasını bitirmisiniz, mən isə kollecdə bank işi və ya maliyyə ixtisası üzrə təhsil almışam. Hələ bilik və bacarıqlarımızı nəzərə almadan, hər ikimizin diplomunun olduğunu düşünək. Sizcə, hər hansı bank və ya işəgötürən hansı namizədə üstünlük verər? Təbii ki, bir çox hallarda bakalavr təhsili almış, ali təhsil diplomuna malik namizədə üstünlük verilə bilər.
Bəs biz necə edə bilərik ki, müəyyən ixtisaslar məhz kollec səviyyəsində daha faydalı olsun və məzunlar əmək bazarında öz yerlərini tapa bilsinlər? Məhz bu məsələ üzərində düşünmək lazımdır.
Kolleclərin gələcəyini müəyyənləşdirərkən əsas məqsəd yalnız şagirdlərə təhsil almaq imkanı yaratmaq olmamalıdır. Əsas məqsəd onların gələcəkdə işlə təmin olunmasına, peşəkar bacarıqlar qazanmasına və əmək bazarında rəqabət aparmasına şərait yaratmaqdır. Yalnız bu məsələləri həll etdikdən sonra şagirdlərin təhsil imkanlarının genişləndirilməsindən danışa bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB