“TÜRKPA çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaranıb” - Sahibə Qafarova
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğızıstana rəsmi və işgüzar səfərləri uğurla başa çatıb. Səfər çərçivəsində Azərbaycan-Qırğızıstan münasibətləri, parlamentlərarası əməkdaşlıq və Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.
SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, oktyabrın 18-dən 20-dək davam edən rəsmi səfər zamanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüş keçirilib. Görüşdə iki ölkə arasındakı münasibətlərin xüsusi xarakteri vurğulanıb, Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyəti qeyd olunub. Parlamentlərarası əlaqələrin dinamik inkişafından məmnunluq ifadə edilib.
S.Qafarova qeyd edib ki, Qırğız Respublikasının Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, dostluq qrupları arasında təmasların artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi və humanitar layihələr müzakirə olunub.
Milli Məclisin sədri səfərin əsas məqsədlərindən birinin Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclasında iştirak olduğunu bildirib. Onun sözlərinə görə, oktyabrın 20-də keçirilən iclaslarda təşkilatın fəaliyyəti, inkişaf perspektivləri və türk dövlətləri arasında parlament diplomatiyasının gücləndirilməsi məsələlərinə diqqət yetirilib.
S.Qafarova plenar iclasda çıxışı zamanı TÜRKPA-nın türk dövlətləri arasında əlaqələrin inkişafında artan rolundan danışdığını bildirib. O, model qanunvericilik bazasının formalaşdırılması, daimi komissiyaların fəaliyyəti, qadın və gənc parlamentarilərin əməkdaşlığı məsələlərini diqqətə çatdırıb. Həmçinin dövlətlərin üzləşdiyi təhdidlər fonunda gənclər siyasəti sahəsində birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Spiker süni intellekt və rəqəmsal inkişaf məsələlərinin də müzakirələrdə mühüm yer tutduğunu qeyd edib. O, Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti və Milli Məclisin müvafiq hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verdiyini bildirib.
S.Qafarova nümayəndə heyətinin üzvlərinin TÜRKPA-nın plenar iclasında və digər tədbirlərdə fəal iştirak etdiklərini deyib. Deputatların hesabatlar, tövsiyə qərarları və seçkilərin müşahidəsinin nəticələri ilə bağlı məlumatlar təqdim etdiklərini, qadın və gənc parlamentarilər qruplarının iclaslarında da çıxış etdiklərini diqqətə çatdırıb.
O bildirib ki, parlament rəhbərlərinin birgə mətbuat konfransında aparılan müzakirələrin və qəbul edilən qərarların TÜRKPA çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaratdığı vurğulanıb.
Milli Məclisin sədri əlavə edib ki, səfər zamanı Qırğızıstan Prezidenti TÜRKPA üzvü olan parlamentlərin rəhbərlərini də qəbul edib. Görüşdə türk xalqları arasında inteqrasiyanın dəstəklənməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsində Assambleyanın rolu müzakirə olunub.
S.Qafarova Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay ilə görüşü barədə də məlumat verib. Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksini və Bişkekdə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyini də ziyarət edib.
S.Qafarova səfərlərin uğurla keçdiyini bildirərək nümayəndə heyətinin bütün üzvlərinə təşəkkürünü ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB