Tikinti şirkəti binanı vaxtında təhvil vermirsə, sakinlər hansı addımları ata bilər? - ƏMLAK EKSPERTİ AÇIQLADI

Tikinti şirkəti binanı vaxtında təhvil vermirsə, sakinlər hansı addımları ata bilər? - ƏMLAK EKSPERTİ AÇIQLADI

Bakıda və bölgələrdə bəzi tikinti şirkətlərinin binaları illərlə gecikdirməsi mənzil alan vətəndaşları ciddi çətinliklərlə üz-üzə qoyur.

Bəs tikinti şirkəti binanı vaxtında təhvil vermirsə, sakinlər hansı addımları ata bilər?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, tikinti şirkəti ilə həmin binada yaşayan və ya həmin kvartaldan köçürülmüş vətəndaşlar arasında müqavilə bağlanılır:

“Pilot layihələr çərçivəsində həyata keçirilən bu proses zamanı həmin binalarda və həyətlərdə yaşayan vətəndaşlar kirayə mənzillərlə təmin edilir.

Bağlanılan müqavilədə konkret tarix göstərilir. Həmin tarixə qədər tikinti şirkəti binanı tikib başa çatdırmaq və mənzilləri sakinlərə, yəni alıcılara və əmlak sahiblərinə təhvil vermək öhdəliyi götürür.

Əgər tikinti şirkəti müqavilədə göstərilən müddətdə binanı tikib təhvil verə bilməsə, bu zaman vətəndaşlar, o cümlədən mənzil sahibləri şirkəti məhkəməyə verərək əlavə təzminat tələb edə və ya hüquqi yolla öz hüquqlarını müdafiə edə bilərlər.

Bir sözlə, müqavilədə göstərilən tarixədək tikinti şirkəti öz öhdəliklərini yerinə yetirə bilmirsə, vətəndaşların hüquqlarını bərpa etmək üçün hüquqi yollara müraciət etməsinə zərurət yaranır.

Çünki vətəndaşlarla tikinti şirkəti arasında bağlanan müqavilədə konkret müddət göstərilir və şirkət həmin tarixdə binanı tikib mənzilləri sahiblərinə təhvil vermək öhdəliyi götürür.

Qısaca desək, tikinti şirkəti binanı vaxtında təhvil verə bilmirsə, əmlak sahiblərinin öz hüquqlarını müdafiə etmək üçün hüquqi əsasları yaranır. Bu halda vətəndaşlar məhkəməyə müraciət edərək hüquqlarının bərpasını, tikinti şirkətindən təzminat tələb edilməsini və ya qanunvericilikdə nəzərdə tutulan digər hüquqi tədbirlərin görülməsini istəyə bilərlər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə