Müasir Azərbaycan dövlətçilik təcrübəsində cənab İlham Əliyevin iradəsi ilə uğurla reallaşan “Böyük Qayıdış” proqramı çərçivəsində icra olunan kompleks bərpa-quruculuq tədbirləri təkcə postmünaqişə dövrünün sosial-iqtisadi reabilitasiya modeli deyil, həm də dövlət suverenliyinin konstitusion-hüquqi baxımdan tam bərqərar edilməsi və milli təhlükəsizlik arxitekturasının geostrateji müstəvidə yenidən şəkilləndirilməsi prosesidir. Bu kontekstdə, otuz ilə yaxın davam etmiş hərbi təcavüz və işğal nəticəsində destruksiyaya uğramış inzibati-ərazi vahidlərinin yenidən inteqrasiyası, beynəlxalq hüququn imperativ normalarının praktiki icrası və tarixi ədalətin bərpası obyektiv zərurət kimi ortaya çıxmışdır.
Bu sözləri SİA-ya deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, siyasi-hüquqi aspektdən yanaşdıqda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən reinteqrasiya siyasəti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, eləcə də beynəlxalq humanitar hüquq prinsiplərinin Azərbaycan Respublikasının suveren iradəsi və hərbi-siyasi potensialı hesabına reallaşdırılmasının bariz nümunəsidir:
“Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji qətiyyət və konseptual liderlik sayəsində dövlətimiz xarici siyasi və ya maliyyə dəstəyindən asılı olmayan, tamamilə daxili resurslara və milli suverenliyə söykənən unikal postkonflikt reabilitasiya presedenti formalaşdırmışdır. Minalanmış ərazilərin təmizlənməsi kimi hüquqi və texniki baxımdan son dərəcə mürəkkəb olan çağırışlara baxmayaraq dövlətimiz beynəlxalq hüquqla təsbit olunmuş "təhlükəsiz və ləyaqətli qayıdış" prinsipini ən yüksək standartlar səviyyəsində təmin edir.
Tarixi və geostrateji baxımdan bu proses Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını kökündən dəyişdirərək regional təhlükəsizlik və nəqliyyat-logistika arxitekturasının mərkəzi oxunu müəyyən edir. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarının inşası, transmilli kommunikasiya xətlərinin və Zəngəzur dəhlizi kimi strateji qovşaqların hüquqi və fiziki infrastrukturunun qurulması Azərbaycanın regiondakı geoiqtisadi dominantlığını və beynəlxalq hüquq subyekti kimi mövqeyini sarsılmaz edir. Bu baxımdan keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı yalnız demoqrafik məskunlaşma aktı deyil, tarixi varisliyin, milli kimliyin və dövlətimizin ərazi bütövlüyünün de-fakto və de-yure səviyyədə sarsılmazlığının təsbitidir.
Keçmiş məcburi köçkünlərin bərpa olunmuş ərazilərə mərhələli və sistemli şəkildə yerləşdirilməsi mülki, sosial və iqtisadi hüquqların tam həcmdə bərqərar olunması ilə müşayiət olunur. Dövlət hakimiyyəti orqanlarının, hüquq-mühafizə sisteminin və müasir infrastruktur mexanizmlərinin həmin ərazilərdə institusional inteqrasiyası Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bütün ölkə ərazisində şərtsiz şəkildə tətbiqini nümayiş etdirir.
Proseslərin təhlili deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən Böyük Qayıdış strategiyası həm də milli dövlətçilik iradəsinin, iqtisadi qüdrətin və hüquqi suverenliyin vəhdətini təcəssüm etdirən, Azərbaycanı regional liderdən qlobal səviyyədə nümunəvi dövlət modelinə çevirən tarixi-siyasi dönüş nöqtəsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB