"Azərbaycan ona dost münasibəti göstərən dövlətlərə uyğun münasibət sərgiləyir" - POLİTOLOQ

"Azərbaycan ona dost münasibəti göstərən dövlətlərə uyğun münasibət sərgiləyir" - POLİTOLOQ

"Dövlətlər öz xarici siyasətlərini müəyyənləşdirərkən milli maraqlardan çıxış edirlər. Burada dövlətin öz maraqları ilə yanaşı, qonşu dövlətlərin və digər böyük dövlətlərin maraqları da nəzərə alınır və uzlaşdırılır".

Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.

Siyasətçinin sözlərinə görə, adətən, dost dövlətlər arasında münasibətlər müəyyən kompromislərə söykənir. Dost dövlətlər bir-birinə qarşılıqlı hörmət və dəstək göstərdikdə, münasibətlər də adekvat xarakter alır. Bu, tamamilə normal və məntiqli yanaşmadır. Lakin bütün hallarda hər bir dövlət öz maraqlarını və təhlükəsizlik məsələlərini ön planda saxlamalıdır:

"Aydındır ki, hər bir dövlət ilk növbədə özünü düşünür və milli maraqlarını əsas götürür. Bu baxımdan, Azərbaycanın da öz milli maraqlarını qoruması tamamilə normaldır. Prezidentin çıxışında vurğulanan məqamlar da əslində hər kəsin başa düşdüyü və qəbul etdiyi prinsiplərdir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, kim Azərbaycana dost və qardaş münasibəti göstərirsə, Azərbaycan da buna uyğun münasibət sərgiləyir. Lakin ölkəmizə təzyiqlər göstərilirsə, müəyyən məsələlərdə uzlaşmayan davranışlar nümayiş etdirilirsə və ya təhdidlər səsləndirilirsə, Azərbaycan yenə də özünü qorumalı və müdafiə etməlidir.

Bu baxımdan, dövlətin öz gücünə malik olması da mühüm əhəmiyyət daşıyır. Biz hər zaman vurğulayırıq ki, xarici tərəfdaşlarımızla, eyni zamanda, bizimlə ortaq maraqları bölüşən dost dövlətlərlə münasibətlərimizi möhkəmləndirməliyik. Həmin tərəfdaşlarla birlikdə mümkün təhdidlərə qarşı müqavimət göstərmək də vacibdir.

Bütün hallarda Azərbaycanın özünə dost olan dövlətlərdən dəstək almaq, ona təzyiq göstərən, təhdid edən və ya güc tətbiq etmək istəyən tərəflərə qarşı adekvat reaksiya vermək hüququ var. Bu, beynəlxalq hüquq normalarına və beynəlxalq münasibətlər sisteminin prinsiplərinə uyğun yanaşmadır. Burada qeyri-adi heç nə yoxdur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə