“Azərbaycanın suverenlik xəttini heç bir qüvvə dəyişə bilməz” - Bəhruz Məhərrəmov
Azərbaycanın regionda artan nüfuzu, təhlükəsizlik arxitekturasının formalaşmasında rolu və suveren siyasəti ölkənin beynəlxalq mövqeyini gücləndirən əsas amillərdəndir.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, son dövrlərdə müşahidə olunan beynəlxalq proseslər fonunda Qafqaz və Mərkəzi Asiyadan daha geniş coğrafiyada təhlükəsizlik və etimad quruculuğu baxımından Azərbaycanın rolu artır. Onun sözlərinə görə, ölkənin bu mövqeyə yüksəlməsində Prezident İlham Əliyevin siyasi baxışı və qətiyyəti həlledici əhəmiyyət daşıyır.
B.Məhərrəmov qeyd edib ki, Azərbaycanın güclü mərkəzləşdirilmiş hakimiyyəti və suverenliyi ölkənin strateji maraqlarını qorumaq baxımından mühüm rol oynayır. O vurğulayıb ki, regionun sərvətlərinə və logistika imkanlarına nəzarət etmək istəyən qüvvələr Azərbaycanın müstəqil siyasətindən narahatdırlar.
Deputat son günlər ölkədə müşahidə olunan proseslərə də toxunaraq bəzi qüvvələrin din amilindən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə formalaşıb və işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası milli-mənəvi dəyərlərə verilən önəmin göstəricisidir.
B.Məhərrəmov Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranan müzakirələrə də münasibət bildirib. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr ayrı-ayrı siyasi qrupların və sosial media vasitəsilə aparılan kampaniyaların təsiri ilə dəyişəcək qədər kövrək deyil.
Deputatın fikrincə, Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı mərhələsinin əsasını Şuşa Bəyannaməsi və Azərbaycanın öz gücü hesabına əldə etdiyi Zəfər təşkil edir. O vurğulayıb ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi qətiyyət ölkənin suverenlik xəttinin qorunmasına xidmət edir.
B.Məhərrəmov çıxışında əlavə edib ki, Azərbaycan mürəkkəb siyasi proseslərdən daha da güclənərək çıxmağı bacarıb. Onun sözlərinə görə, ölkənin daxili məsələləri ilə bağlı son qərarı milli iradə müəyyən edir və heç bir qüvvə Azərbaycanın suveren siyasətinə istiqamət verə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB