İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilir. Bu ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı və tikinti sektorlarında da artım müşahidə olunur.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalmış və dağıdılmış ərazilərin bərpası, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, indiyədək bu məqsədlə dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb.
V.Bayramov qeyd edib ki, Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat olduğu halda, hazırda 6 milyard manata çatıb.
Deputatın sözlərinə görə, 2025-ci ildə Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 17,4 dəfə artım deməkdir. Həmin dövrdə kənd təsərrüfatında da ikiqat artım qeydə alınıb.
O bildirib ki, Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya da daxil olmaqla bir sıra ölkələrə ixrac edilir. Eyni zamanda, yenidənqurma işləri nəticəsində regionda tikinti sektoru 10 dəfədən çox böyüyüb və yeni iş yerlərinin yaradılmasına şərait yaranıb.
V.Bayramov Şərqi Zəngəzurun iqtisadi inkişafına da diqqət çəkib. O qeyd edib ki, Zəfərdən sonra bu iqtisadi rayonun iqtisadiyyatı 30 dəfə artaraq 4 milyard manatı ötüb. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 134 milyon manat olduğu halda, hazırda regionda 100 milyon manatlıq sənaye və 170 milyon manatdan çox aqrar sektor formalaşıb.
Deputat əlavə edib ki, Şərqi Zəngəzurda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşır.
V.Bayramovun fikrincə, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artması Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və dayanıqlığının gücləndirilməsinə töhfə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB