“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” - Hikmət Babaoğlu
Azərbaycanda radionun texniki imkanlarının və yayım keyfiyyətinin yaxşılaşdırılması, eləcə də radio verilişlərinin məzmununun zənginləşdirilməsi vacibdir.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, televiziya və radionun rəqabətində son illərdə yeni alternativlərin meydana çıxması televiziyanın mövqeyinə təsir etsə də, radio öz aktuallığını qoruyub saxlayır. Onun sözlərinə görə, avtomobillərin sayının artması və insanların səfərlər zamanı radiodan informasiya mənbəyi kimi istifadə etməsi bu vasitənin əhəmiyyətini daha da artırır.
H.Babaoğlu qeyd edib ki, radionun imkanlarına yalnız əyləncə vasitəsi kimi yanaşmaq düzgün deyil. Onun fikrincə, radio milli təhlükəsizliyin, informasiya təhlükəsizliyinin və ideoloji dayanıqlılığın təmin olunmasında da mühüm rol oynaya bilər.
Deputat radio yayımının texniki problemlərinə diqqət çəkərək Bakıdan Qubaya gedən zaman bir neçə dəfə radio tezliyini dəyişməyin zərurət yarada bildiyini bildirib. O, ölkənin müxtəlif istiqamətlərində, xüsusilə şimal və qərb bölgələrində yerli radio tezliklərinin zəifləməsi, bəzi ərazilərdə isə Rusiya, Dağıstan və Gürcüstan radiolarının daha aydın eşidilməsi məsələsinin araşdırılmasının vacibliyini vurğulayıb.
H.Babaoğlunun sözlərinə görə, mövcud problemlər texniki imkanların yaxşılaşdırılması yolu ilə həll edilməli, zərurət yaranarsa, peyk texnologiyalarından da istifadə olunmalıdır.
Deputat radio verilişlərinin məzmunu məsələsinə də toxunub. O bildirib ki, radionun geniş auditoriyasını nəzərə alaraq, bu platformadan hüquqi maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və estetik zövqün formalaşdırılması məqsədilə daha səmərəli istifadə etmək mümkündür.
H.Babaoğlu vurğulayıb ki, radionun yayım keyfiyyətinin və məzmununun təkmilləşdirilməsi onun informasiya və ideoloji təsir imkanlarından daha geniş istifadə etməyə şərait yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB