"Xarici səfərlər zamanı ciddi maliyyə yükünü azaltmaq üçün ilk növbədə səyahət planını daha əvvəlcədən hazırlamaq lazımdır. Bu zaman büdcəyə uyğun aviabiletlər və hotel yerləri əldə etmək mümkündür. Büdcə xərclərini xüsusi şəkildə azaltmağa imkan verən vahid bir üsul yoxdur".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib:
"Əsas məsələ səfəri əvvəlcədən planlaşdırmaq, mövcud imkanları dəyərləndirmək və xərcləri düzgün bölüşdürməkdir.
Son dövrlərdə bəzi bloqerlər aviabiletlərin günün hansı saatında alınmasının daha sərfəli olması ilə bağlı müxtəlif tövsiyələr verirlər. Halbuki, bileti məhz müəyyən saatda almağın həmişə daha ucuz qiymət təmin etdiyini təsdiqləyən universal bir qayda yoxdur. Aviabiletlərin qiyməti müxtəlif amillərdən, o cümlədən tələbatdan, uçuş tarixinə qalan müddətdən, aviaşirkətin qiymət siyasətindən və mövcud yerlərin sayından asılı olaraq dəyişə bilər.
Əsas məsələlərdən biri aviaşirkətlərin təqdim etdiyi kampaniyalardır. Səyahət etməyi planlaşdıran şəxslərə bu kampaniyaları izləməyi və yaranan imkanlardan maksimum istifadə etməyi tövsiyə edirəm. Səfər tarixləri əvvəlcədən müəyyənləşdirildikdə qiymətləri müqayisə etmək, müxtəlif aviaşirkətlərin təkliflərini nəzərdən keçirmək və büdcəyə uyğun seçim etmək daha asan olur. Bu yanaşma hotellərin seçiminə də aiddir. Qalmaq üçün yerin əvvəlcədən müəyyənləşdirilməsi və müxtəlif hotellərin qiymətlərinin müqayisə olunması səfər xərclərini azaltmağa kömək edə bilər.
Turizm sahəsində hər bir qonağın və turistin büdcəsinə uyğun təkliflər mövcuddur. Burada əsas məsələ şəxsin öz maliyyə imkanlarını nəzərə alaraq düzgün seçim etməsidir. Daha sərfəli səfər üçün mütləq yüksək məbləğdə vəsait xərcləmək lazım deyil. Səyahətin məqsədini, qalma müddətini, nəqliyyat və yerləşmə xərclərini əvvəlcədən müəyyənləşdirməklə büdcəni daha səmərəli idarə etmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB