"Dalan yolunun yaxın günlərdə istismara verilməsi nəzərdə tutulur" - MƏMMƏD RZAYEV
"Bu gün sizi Həzi Aslanov stansiyasının dalan yollarında aparılmış yenidənqurma işlərinin və həyata keçirilmiş ilkin sınaqların nəticələri barədə məlumatlandırmaq üçün dəvət etmişik".
SİA xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bildiyiniz kimi, Həzi Aslanov stansiyasının dalan yollarının tikintisinə hələ 1980-ci illərdə başlanılmışdır: "Lakin müəyyən səbəblərdən tikinti işləri uzun müddət yarımçıq qalmış, 2002-ci ildə isə tamamlanaraq dalan yolları istismara verilmişdir.
Tikintisi yarımçıq qalmış obyektin uzun müddət açıq hava şəraitində qalması, eləcə də mürəkkəb hidrogeoloji şəraitin, aqressiv qrunt mühitinin və istismar amillərinin təsiri nəticəsində dalan yollarının daşıyıcı dəmir-beton konstruksiyaları korroziyaya uğramışdır. Bu səbəbdən daşıyıcı dəmir-beton konstruksiyaların sökülərək yenidən inşa edilməsi zərurəti yaranmışdır.
Aparılmış tikinti işləri ilə bağlı ilk növbədə qeyd etmək istəyirəm ki, bu layihə adi təmir işi deyil. Layihə mürəkkəb mühəndislik həllərinin və müasir texnologiyaların tətbiqi ilə mövcud yeraltı infrastrukturun əsaslı şəkildə yenilənməsinin mühüm nümunəsidir.
Ən mürəkkəb proses tavan örtüyü saxlanılmaqla yan və orta divarların, yəni daşıyıcı konstruksiyaların tamamilə sökülərək yenidən inşa edilməsindən ibarət olmuşdur.
İşlərin icra üsulu barədə məlumat vermək istərdim. İlk növbədə divarların arxasındakı qruntun, eləcə də döşəmə altındakı qruntun möhkəmləndirilməsi məqsədilə xüsusi inyeksiya işləri aparılmışdır. Daha sonra tavan örtüyünün təhlükəsizliyini təmin etmək üçün metal dayaq konstruksiyaları quraşdırılmışdır. Yalnız bundan sonra yan və orta daşıyıcı divarların mərhələli şəkildə sökülərək yenidən inşasına başlanılmışdır.
Eyni zamanda qeyd etmək istəyirəm ki, bütün bu mürəkkəb proses zamanı əsas məqsədimiz həm tikinti sahəsində, həm də onun üzərində yerləşən ərazidə təhlükəsizliyi təmin etmək olmuşdur. Buraya ətrafdakı tikililər, yaşayış binaları və avtomobil yolları daxildir. Tikinti işləri şəhərin gündəlik həyatına maneə yaradılmadan həyata keçirilmişdir.
Tavan örtüyünün gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülmüşdür. Belə ki, metropoliten infrastrukturu üçün müasir mühəndislik həllərindən biri olan karbon lifli kompozit materialdan istifadə edilmişdir. Bu materialın tətbiqində əsas məqsəd tavan örtüyünün dəmir-beton konstruksiyasının uzunömürlülüyünü, dayanıqlılığını və etibarlılığını artırmaqdır.
Bununla yanaşı, tunelin daxili infrastrukturu da tamamilə yenilənmişdir. Əsas elementlərdən biri olan yolun üst quruluşu yenidən qurulmuş, əvvəllər istifadə edilən ağac şpallar müasir dəmir-beton şpallarla əvəz olunmuşdur. Eyni zamanda tunel daxilindəki bütün mühəndis-kommunikasiya xətləri və texniki sistemlər yenilənmişdir.
Yekun sınaqlar uğurla başa çatdıqdan sonra dalan yolunun yaxın günlərdə istismara verilməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB