AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair Tədbirlər planının təsdiq edilməsi məsələsinə də baxılıb.
Bu barədə SİA-ya AMEA-dan bildirilib. İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin öyrənilməsi istiqamətində ardıcıl və sistemli tədqiqatlar aparılır. O, həmçinin bu günlərdə AMEA-da “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfransın keçirildiyini, AMEA-nın Rəyasət Heyətinin iclasında elmi məruzənin dinlənildiyini xatırladıb.
AMEA-nın Rəyasət Heyəti tərəfindən bu istiqamətdə 1 oktyabr 2026-cı il tarixli qərar qəbul edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli sənədin 2-ci bəndində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna və Memarlıq və İncəsənət İnstitutuna Qafqaz Albaniyasının tarixi-mədəni irsinin arxeoloji, tarixi və memarlıq baxımından kompleks şəkildə tədqiqi ilə bağlı təkliflərini hazırlayaraq 15 oktyabr 2026-cı il tarixinədək aidiyyəti üzrə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə təqdim etmələrinin tapşırıldığını söyləyib. Vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş müvafiq təkliflər əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən “Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair AMEA-nın Tədbirlər planı”nın layihəsi hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilib. O, həmçinin cari ilin sonunda Qafqaz Albaniyasının tədqiqi ilə məşğul olan alimlərin iştirakı ilə geniş tədbirin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını diqqətə çatdırıb.
Tədbirlər planında Qafqaz Albaniyasının tarixinə və maddi-mədəni irsinə dair respublika mediasında, radio və televiziyalarda populyar məqalələr ilə çıxışların edilməsi, elmi həqiqətlərin geniş oxucu kütləsinə, tamaşaçı və dinləyici auditoriyasına çatdırılması, Qafqaz Albaniyasının tarixi-coğrafiyasına dair müasir tələblərə cavab verən kartoqrafik materialların hazırlanması, Qafqaz Albaniyasının tarixinə və etnologiyasına dair epiqrafik və etnoqrafik materialların toplanılması üçün növbəti ildən etibarən tarixi-etnoqrafik ekspedisiyaların təşkil edilməsi, Qafqaz Albaniyasının irsinə aid arxeoloji tədqiqatların multidissiplinar modeldə təşkili və arxeoloji ekspedisiyaların genişləndirilməsi və digər bəndlər yer alıb.
Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB