Terrorçuluğun maliyyələşdirilməsinə görə hüquqi şəxslərin məsuliyyəti dəqiqləşdirilir

Terrorçuluğun maliyyələşdirilməsinə görə hüquqi şəxslərin məsuliyyəti dəqiqləşdirilir

Milli Məclis terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi və hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

SİA xəbər verir ki, Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatlarına nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər tətbiq ediləcək. Bu zaman cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması məqsədilə törədilib-törədilməməsi nəzərə alınmayacaq.

Sənəddə vurğulanıb ki, terrorçuluğun maliyyələşdirilməsini digər iqtisadi xarakterli cinayətlərdən fərqləndirən əsas məqam maliyyə və ya digər iqtisadi mənfəət əldə etmək deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə