“Rusiyanın enerji obyektlərinə hücumlar qlobal bazarda yanacaq qiymətlərini artıra bilər“ - POLİTOLOQ DANIŞDI

“Rusiyanın enerji obyektlərinə hücumlar qlobal bazarda yanacaq qiymətlərini artıra bilər“ - POLİTOLOQ DANIŞDI

“Rusiya–Ukrayna müharibəsində son hadisələr göstərir ki, hərbi qarşıdurma artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır, tərəflər bir-birinin strateji və iqtisadi imkanlarını zəiflətməyə çalışırlar. Oktyabrın 22-də Ukraynanın Moskvaya yüzlərlə dron göndərməsi, Rusiya paytaxtının da müharibənin birbaşa təsir dairəsində olduğunu nümayiş etdirir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Rusiya rəsmilərinin məlumatına görə, həmin gecə Moskva istiqamətində 630 dron göndərilib, onların əksəriyyəti zərərsizləşdirilib. Bu hücumların əsas strateji əhəmiyyəti Rusiyanın hava hücumundan müdafiə sistemlərinə əlavə yük yaratmaq, hərbi resurslarının daha geniş ərazilərə bölüşdürülməsinə nail olmaq və müharibənin iqtisadi xərclərini artırmaqdır. Xüsusilə neft emalı zavodlarının, yanacaq anbarlarının və enerji infrastrukturunun hədəfə alınması Rusiyanın yanacaq təchizatında fasilələrə, istehsal və logistika xərclərinin artmasına səbəb ola bilər. Enerji sektoru Rusiya iqtisadiyyatının mühüm gəlir mənbələrindən biri olduğundan bu istiqamətdə davamlı hücumlar Moskvanın iqtisadi dayanıqlığına əlavə təzyiq yaradır. Bununla yanaşı, Rusiya enerji obyektlərinə hücumların qlobal bazarda neft məhsullarının qiymətlərinə təsir göstərməsi, xüsusilə dizel yanacağı təchizatında qeyri-müəyyənliyi artırması mümkündür.

Digər tərəfdən, hərbi əməliyyatların intensivləşməsi ABŞ-ın vasitəçiliyi ilə aparılan diplomatik təşəbbüslərin nə qədər mürəkkəb şəraitdə davam etdiyini göstərir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Vladimir Putin və Volodimir Zelenski ilə təmaslarından sonra üçtərəfli danışıqların bərpası gündəmə gəlsə də, tərəflərin qarşılıqlı hücumları dayandırmaması ciddi fikir ayrılıqlarının mövcudluğundan xəbər verir. Burada əsas problem yalnız atəşkəsin əldə olunması deyil, onun hansı şərtlərlə həyata keçiriləcəyi, ərazi məsələlərinin necə tənzimlənəcəyi və Ukraynanın gələcək təhlükəsizliyinə hansı təminatların veriləcəyidir. Vaşinqton diplomatik təmasları genişləndirməklə yanaşı, enerji bazarındakı sabitliyi qorumağa da çalışır. Lakin iqtisadi maraqlarla təhlükəsizlik tələbləri arasında balansın tapılması asan görünmür. Hesab edirəm ki, hazırkı mərhələdə hər iki tərəf hərbi əməliyyatlar vasitəsilə danışıqlar masasında öz mövqeyini gücləndirməyə çalışır. Buna görə də diplomatik təmasların bərpası mühüm addım sayılsa da, real nəticə əldə olunması üçün qarşılıqlı öhdəliklər, beynəlxalq nəzarət mexanizmləri və etibarlı təhlükəsizlik təminatları üzrə konkret razılaşmaların əldə edilməsi zəruridir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə