“Regionda dayanıqlı sülh üçün hüquqi təminatlar vacibdir” - Rizvan Nəbiyev

“Regionda dayanıqlı sülh üçün hüquqi təminatlar vacibdir” - Rizvan Nəbiyev

Cənubi Qafqazda sülhün davamlılığının təmin edilməsi hüquqi öhdəliklərin yerinə yetirilməsindən, siyasi iradədən, iqtisadi əməkdaşlıqdan və humanitar məsələlərin həllindən asılıdır.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi “Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikrinin regiondakı mövcud vəziyyətin dəqiq siyasi qiymətləndirilməsi olduğunu bildirib.

R.Nəbiyev qeyd edib ki, sülhün davamlılığı üçün dövlətlər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə hörmət etməli, bu prinsiplər hüquqi öhdəliklərlə möhkəmləndirilməlidir. Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də sülh sazişinin mətninin paraflanması mühüm irəliləyiş olsa da, paraflanma sazişin imzalanması və qüvvəyə minməsi ilə eyni deyil.

Deputat vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına yol aça biləcək müddəalar aradan qaldırılmalı, gələcəkdə siyasi hakimiyyət dəyişikliklərinin münasibətləri yenidən qarşıdurmaya sürükləməsinin qarşısını alan hüquqi təminatlar yaradılmalıdır.

O, sülh prosesinin siyasi tərəfinə də diqqət çəkərək Vaşinqton Birgə Bəyannaməsinin dövlətlərarası qonşuluq münasibətlərinin qurulması baxımından əhəmiyyətini qeyd edib. R.Nəbiyevin fikrincə, siyasi öhdəliklər ardıcıl addımlar, aydın məsuliyyət və davamlı dialoqla möhkəmləndirilməlidir. Prosesdə qeyri-müəyyənliyin uzanması isə sülhə qarşı çıxan qüvvələr üçün imkanlar yarada bilər.

Deputat iqtisadi əməkdaşlığın sülhün qorunmasındakı rolundan da danışıb. O bildirib ki, nəqliyyat əlaqələrinin inkişafı, ticarətin genişlənməsi və investisiyaların artması insanların sülhün faydalarını gündəlik həyatlarında hiss etməsinə şərait yarada bilər. Bu baxımdan TRIPP layihəsinin region ölkələri arasında ortaq iqtisadi maraqların formalaşmasına töhfə verə biləcəyini vurğulayıb.

R.Nəbiyev Ermənistan parlamentində TRIPP çərçivə sazişinin ratifikasiyası ilə bağlı gözləntilərə də toxunaraq, layihənin həyata keçirilməsi prosesində müəyyən qeyri-müəyyənliklərin qaldığını bildirib. O, Azərbaycanla Ermənistan arasında cari ilin ilk doqquz ayında ticarət dövriyyəsinin 23 milyon ABŞ dollarını ötməsini iqtisadi əməkdaşlığın gələcək potensialının göstəricisi kimi dəyərləndirib.

Deputat humanitar məsələlərin həllinin də sülhün möhkəmləndirilməsi üçün vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, mina təhlükəsinin aradan qaldırılması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq həm insanların iztirablarını azalda, həm də qarşılıqlı etimadı gücləndirə bilər.

R.Nəbiyev bildirib ki, müvafiq Dövlət Komissiyasının 31 avqust 2026-cı il tarixinə olan məlumatına əsasən, Birinci və İkinci Qarabağ müharibələri üzrə 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 782 nəfəri mülki şəxsdir. Mülki itkinlər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var.

Deputat Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkil etdiyi beynəlxalq tədbirin əhəmiyyətini də vurğulayıb. O, itkin şəxslərlə bağlı məsələnin beynəlxalq mediada işıqlandırılmasının problemin beynəlxalq miqyasda diqqət mərkəzində saxlanılması baxımından əhəmiyyətli olduğunu bildirib.

R.Nəbiyev çıxışında beynəlxalq tərəfdaşların regionda dayanıqlı sülh və sabitliyə marağının da mühüm amil olduğunu qeyd edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin sülh çağırışı hüquqi təminatların gücləndirilməsini, məsuliyyətli siyasi qərarların qəbulunu, iqtisadi əməkdaşlığın genişləndirilməsini və humanitar problemlərin həllini nəzərdə tutur. Onun sözlərinə görə, yaranmış tarixi fürsətin konkret nəticələrə və davamlı təhlükəsizliyə çevrilməsi üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə