“Uşaqlarda görmə zəifliyi və uzaq, eləcə də yaxını görmə ilə bağlı problemlər son illərdə geniş yayılan oftalmoloji narahatlıqlardan birinə çevrilib. Refraksiya anomaliyaları nəticəsində eynəkdən istifadə ehtiyacının artması həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. Bu problem xüsusilə böyük şəhərlərdə daha qabarıq şəkildə özünü göstərir”.
Bu barədə SİA-ya açıqlamasında professor, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Musayev Qəlbinur bildirib.
Onun sözlərinə görə, görmə problemlərinin artmasına təsir edən əsas amillər arasında şəhərləşmə, uşaqların dərs prosesində uzun müddət yaxın məsafədə oxuyub-yazması, eləcə də mobil telefon, planşet və kompüterlərdən həddindən artıq istifadə yer alır:
”Bu amillər gözlərə düşən yükü artıraraq refraksiya pozuntularının yaranma riskinə təsir göstərə bilər.
Professor qeyd edib ki, uşaqların görmə sağlamlığının qorunmasında valideynlərin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılması, sosial şəbəkələrdən məqsədsiz istifadənin azaldılması və rəqəmsal cihazlardan zəruri hallarda istifadə edilməsi tövsiyə olunur. Bununla yanaşı, uşaqların açıq havada daha çox vaxt keçirməsi, park və təbiət qoynunda aktiv fəaliyyətlə məşğul olması da xüsusilə vacibdir.
O, görmə sağlamlığına təsir göstərən digər amillər sırasında yuxu rejiminin pozulmasını, qeyri-sağlam qidalanmanı və düzgün təşkil olunmayan gündəlik həyat tərzini də qeyd edib. Məktəb yaşlı uşaqlarda göz gigiyenasına əməl olunması, kitab və göz arasındakı məsafənin qorunması, dərs zamanı müntəzəm fasilələrin verilməsi və kifayət qədər işıqlandırmanın təmin edilməsi profilaktik tədbirlərin əsas hissəsini təşkil edir.
Mütəxəssisin sözlərinə görə, müasir oftalmologiyada refraksiya anomaliyalarının korreksiyası üçün müxtəlif effektiv üsullar mövcuddur. Bunlara uyğun hallarda 18 yaşdan sonra tətbiq edilən lazer müdaxilələri də daxildir. Bununla belə, əsas məqsəd görmə pozuntularını yalnız korreksiya etmək deyil, onların erkən aşkarlanmasına və mümkün risklərin azaldılmasına nail olmaqdır.
Paşa Musayev Qəlbinur əlavə edib ki, refraksiya anomaliyalarının yaranmasında irsi meyillilik də mühüm rol oynayır. Valideynlərində görmə pozuntuları olan uşaqlarda oxşar problemlərin yaranma ehtimalı daha yüksək ola bilər. Bu səbəbdən risk qrupuna daxil olan uşaqların mütəmadi oftalmoloji müayinələrdən keçirilməsi və görmə qabiliyyətinin nəzarətdə saxlanılması vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB