“Ermənistan ərazi iddialarından əl çəkmədən regionda normallaşma mümkün olmayacaq” - Azay Quliyev

“Ermənistan ərazi iddialarından əl çəkmədən regionda normallaşma mümkün olmayacaq” - Azay Quliyev

Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməməsi regionda normallaşma prosesinin tam həyata keçirilməsinə mane olur.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, parlament diplomatiyası Azərbaycanın müstəqil, özünə güvənən və milli maraqlarını qoruyan dövlət kimi beynəlxalq mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Azay Quliyev Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarına toxunaraq onun sülh müqaviləsinin imzalanma müddəti ilə bağlı fərqli fikirlər səsləndirməsini ziddiyyətli mövqe kimi qiymətləndirib. O, bu bəyanatların Ermənistanın sülh prosesindəki mövqeyinə dair suallar yaratdığını bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin oktyabrın 15-də Ermənistanla sülhün kövrək olması və onun qorunaraq möhkəmləndirilməsinin vacibliyi barədə səsləndirdiyi fikirlər mühüm mesaj xarakteri daşıyır. Onun sözlərinə görə, əldə olunmuş irəliləyişlərin davamlı sülhə çevrilməsi üçün konkret addımlar atılmalıdır.

Azay Quliyev vurğulayıb ki, başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi və bu iddiaların konstitusiyada əks olunması yalnız Ermənistanın daxili məsələsi kimi qiymətləndirilə bilməz.

O, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı məsələlərə, o cümlədən “Qərbi Ermənistan” ifadəsinin işlədilməsinə, Ağrı dağı ilə bağlı iddialara və qondarma soyqırımı məsələsinin siyasi gündəmdə saxlanılmasına da diqqət çəkib.

Deputatın fikrincə, Ermənistan bu cür yanaşmalardan əl çəkmədən regionda normallaşma prosesinin tam şəkildə həyata keçirilməsi mümkün olmayacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə