“Azərbaycan-Hindistan münasibətlərində əməkdaşlıq imkanları genişlənir” - ŞƏRH

“Azərbaycan-Hindistan münasibətlərində əməkdaşlıq imkanları genişlənir” - ŞƏRH

“Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Bakı ilə Yeni Dehli arasında münasibətlərin inkişafı baxımından diqqətəlayiq hadisədir. Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi əməkdaşlıq, yüksək texnologiyalar, mədəni-humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, bu təmaslar tərəflərin mövcud fikir ayrılıqlarına baxmayaraq, dialoqu davam etdirmək və ortaq maraqlar əsasında əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini göstərir:

“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri bütün dövlətlərlə qarşılıqlı hörmət, suverenliyə müdaxilə etməmək və qarşılıqlı fayda prinsipləri əsasında münasibətlər qurmaqdır. Hindistan kimi böyük iqtisadi və siyasi potensiala malik dövlətlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi, rəqəmsal texnologiyalar, enerji və nəqliyyat sahələrində yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir. Mədəni əlaqələr və turizm də ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Bununla yanaşı, Azərbaycan-Hindistan münasibətlərinin inkişafını Hindistan-Ermənistan əlaqələrindən ayrı nəzərdən keçirmək düzgün olmazdı. Son illərdə Yeni Dehli ilə İrəvan arasında siyasi və hərbi-texniki əməkdaşlıq genişlənib. Hindistan Ermənistana silah və hərbi texnika tədarük edən əsas ölkələrdən birinə çevrilib. Bu əməkdaşlıq Hindistanın müdafiə sənayesinin ixrac imkanları, Ermənistanın təhlükəsizlik maraqları və regionda dəyişən geosiyasi şəraitlə əlaqədardır. Bakı ilə Yeni Dehli arasında mövcud fikir ayrılıqlarının əsas səbəblərindən biri də məhz bu istiqamətdəki əməkdaşlıqdır.

Hindistanın Cənubi Qafqaza marağı yalnız Ermənistanla münasibətlərlə məhdudlaşmır. Region Avropa ilə Asiya arasında nəqliyyat bağlantıları, enerji resursları, ticarət marşrutları və geosiyasi rəqabət baxımından strateji əhəmiyyət daşıyır. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər regional nəqliyyat marşrutları Hindistanın Avrasiya bazarlarına çıxış imkanları baxımından mühüm rol oynayır. Azərbaycanın coğrafi mövqeyi, enerji infrastrukturu və nəqliyyat-logistika imkanları ölkəmizi Hindistan üçün əhəmiyyətli tərəfdaşa çevirir.

Bu reallıq göstərir ki, Hindistanın regiondakı uzunmüddətli iqtisadi və nəqliyyat maraqlarının təmin edilməsi yalnız Ermənistanla ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşmamalıdır. Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi də regional imkanlardan daha geniş istifadə baxımından əhəmiyyətlidir.

Ümumilikdə, Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri ilə görüşü ikitərəfli münasibətlərdə praktiki əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Mövcud fikir ayrılıqlarının açıq dialoq vasitəsilə müzakirə edilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı maraqların uzlaşdırılması Azərbaycan-Hindistan münasibətlərinin gələcək inkişafında mühüm rol oynaya bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə