Azad Qubadlı: quruculuq əzminin parlaq nümunəsi - MƏQALƏ

Azad Qubadlı: quruculuq əzminin parlaq nümunəsi - MƏQALƏ

Dövlət başçısı İlham Əliyev 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək” söyləyərək onu da vurğulamışdır ki, hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək.
25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi. Laçın dəhlizi nəzarətə götürüldü. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.
Prezident İlham Əliyevin Sərəncamı əsasında Zəfərimizin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib. 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Bu tarix bizə Zəfərimizin sevincini yaşatmaqla yanaşı, işğal dövrünü bir daha yada salmağa çağırış edir.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Ümumilikdə rayonda 79.812 hektar torpaq fondu vardır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də işğal olunmuşdur. 1988-ci ildən başlayaraq Еrmənistanla və Dağlıq Qarabağla sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edilib. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Qubadlı rayonu da dirçəliş dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rayona reallaşdırdığı dörd səfərin hər biri Böyük Qayıdışa doğru atılan mühüm addımlarla zəngin olub. Belə ki, cənab İlham Əliyev 2020-ci il 23 dekabr tarixində baş tutan ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaltmışdır. 25 oktyabr 2021-ci ildə reallaşan ikinci səfər zamanı isə Xanlıq-Qubadlı yolunun təməli qoyulmuş, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları həyata keçirilmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşnüşdür. Ölkə başçısının üçüncü səfəri 2022-ci il oktyabrın 19-da olmuşdur. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı 2023-cü ilin may ayında rayona səfəri zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar davamlıdır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə