"Azərbaycan bu mərhələyə çatdığını öz siyasəti və konkret nəticələri ilə nümayiş etdirir" - ŞƏRH
"Bakıda AQEM-in VII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun növbəti göstəricisidir. Bu gün dünya siyasətində əsas problem təkcə dövlətlər arasında fikir ayrılıqları deyil, həm də etimad böhranıdır. Belə bir şəraitdə Bakının müxtəlif siyasi maraqları olan ölkələri eyni masa ətrafında birləşdirməsi təsadüfi deyil. Azərbaycan artıq yalnız beynəlxalq təşəbbüslərdə iştirak edən deyil, həm də siyasi gündəliyin formalaşmasına təsir göstərən dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışının siyasi mahiyyəti Azərbaycanın müstəqil xarici siyasət kursu, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlığa yanaşması kontekstində qiymətləndirilməlidir:
"Dövlətimizin başçısı dünyada baş verən proseslərə yalnız müşahidəçi mövqeyindən deyil, mürəkkəb geosiyasi sınaqlardan keçmiş və öz ərazi bütövlüyünü bərpa etmiş dövlətin rəhbəri kimi yanaşır.
Burada mühüm bir məqam var. Azərbaycan təhlükəsizliyin nə qədər qiymətli olduğunu müharibənin ağır nəticələrini yaşayaraq öyrənib. Bu gün isə regionda qarşıdurma gündəliyinin əməkdaşlıq gündəliyi ilə əvəz olunmasında maraqlıdır. Bu, zəifliyin deyil, qalib dövlətin siyasi məsuliyyətinin ifadəsidir.
Digər tərəfdən, AQEM çərçivəsində nəqliyyat bağlantıları, iqtisadi inteqrasiya və rəqəmsal əməkdaşlıq məsələləri Azərbaycanın strateji maraqları ilə birbaşa uzlaşır. Ölkəmiz Şərqlə Qərb arasında sadəcə coğrafi körpü deyil. Azərbaycan bu coğrafiyanı iqtisadi və siyasi üstünlüyə çevirən mühüm aktordur. Orta Dəhliz, enerji təhlükəsizliyi və yeni kommunikasiya layihələri bunun praktik təsdiqidir.
Əslində, müasir dünyada dövlətlərin gücü yalnız hərbi imkanlarla ölçülmür. Kim etibarlı tərəfdaşdır, kim alternativ marşrutlar yaradır, kim fərqli siyasi qütblərlə dialoq qura bilir – yeni geosiyasi reallıqda üstünlüyü bunlar müəyyən edir. Azərbaycan məhz bu istiqamətdə özünəməxsus mövqe formalaşdırıb.
Prezident İlham Əliyevin siyasi kursunun fərqləndirici xüsusiyyəti də budur: Azərbaycan heç bir güc mərkəzinin əlavəsi olmaq istəmir. Öz maraqlarını özü müəyyənləşdirir, tərəfdaşlarını milli mənafeləri əsasında seçir və beynəlxalq əməkdaşlıqda bərabərhüquqlu münasibətlərə üstünlük verir.
Bakıda keçirilən Zirvə Görüşünün əsas siyasi mesajı da aydındır: Azərbaycan artıq yalnız regionda baş verən proseslərin iştirakçısı deyil, daha geniş coğrafiyada əməkdaşlıq imkanları yaradan mühüm siyasi mərkəzlərdən biridir.
Diplomatiyada əsas məsələ masanın arxasında əyləşmək deyil, o masada söz sahibi olmaqdır. Azərbaycan bu mərhələyə çatdığını öz siyasəti və konkret nəticələri ilə nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB