“Autizmli uşaqlara qarşı fiziki zorakılıq yolverilməzdir, onların təhlükəsizliyi təmin olunmalıdır” - PSİXOLOQ

“Autizmli uşaqlara qarşı fiziki zorakılıq yolverilməzdir, onların təhlükəsizliyi təmin olunmalıdır” - PSİXOLOQ

"Ümumiyyətlə, autizmli uşaqların inkişaf xüsusiyyətləri digər uşaqlardan fərqlənir. Onların bəzilərində ünsiyyət, sosial qarşılıqlı əlaqə və hisslərini ifadə etmək çətinlikləri olur. Belə bir uşağın müəllim tərəfindən fiziki zorakılığa məruz qalması sadəcə pedaqoji səhv deyil, eyni zamanda uşağın təhlükəsizliyinə və psixoloji sağlamlığına qarşı yönəlmiş ciddi bir davranışdır".

Bu sözləri ailə və uşaq psixoloqu Aynur İsmayılova SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, kənardan bu hadisəni müşahidə edən digər uşaqlara da mənfi təsir göstərilə bilər: "Onların ləyaqət hissinə xələl gələ, müəllimin davranışı gələcəkdə özlərinin də təkrarlaya biləcəyi yanlış nümunəyə çevrilə bilər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək üçün pedaqoji və psixoloji biliklərlə yanaşı, humanist yanaşma, səbir və empatiya da vacibdir. Autizmli uşaqlar bəzən hisslərini ifadə etməkdə çətinlik çəkir, səsə və toxunuşa qarşı həssas olurlar. Buna görə də belə uşaqlarla işləyəcək müəllimlər xüsusi seçilməli, onların pedaqoji və psixoloji hazırlığı, eləcə də inkişaf xüsusiyyətləri olan uşaqlarla işləmək bacarıqları nəzərə alınmalıdır.

Ümumiyyətlə, fiziki zorakılıq uşağın təhlükəsizliyinə qarşı yönəlmiş yolverilməz davranışdır. Əgər bir uşağa qarşı aqressiv hərəkət baş verirsə, bu, həmin hadisəni müşahidə edən digər bağça və ibtidai sinif şagirdləri üçün də mənfi nümunəyə çevrilə bilər. Onlar müəllimin davranışını başqa bir uşağa qarşı təkrarlaya bilərlər.

Bəs valideyn uşağının bağçada və ya məktəbdə fiziki zorakılığa məruz qaldığını necə müəyyən edə bilər?

Valideyn uşağını bağçaya və ya məktəbə qoyarkən onun davranışındakı dəyişikliklərə diqqət yetirməlidir. Əvvəllər bağçaya normal gedən uşaq qəfil gərginləşir, ağlayır, getmək istəmir və qorxu əlamətləri göstərirsə, bu hallar diqqətlə araşdırılmalıdır. Uşaq nitq vasitəsilə hisslərini ifadə edə bilməsə belə, özünə qapanması, kənara çəkilməsi və davranışındakı digər dəyişikliklər onun narahatlıq keçirdiyinə işarə ola bilər. Bu əlamətlər təkbaşına zorakılığın sübutu olmasa da, onların səbəbləri mütləq araşdırılmalıdır.

Ümumiyyətlə, bağçalarda və ibtidai siniflərdə çalışan müəllimlərin fəaliyyətinə nəzarət və onların peşəkar hazırlığının yoxlanılması daha sistemli şəkildə həyata keçirilsə, bu, uşaqların müdafiəsi baxımından daha məqsədəuyğun olar. Əgər biz autizmli uşaqlar üçün effektiv inklüziv təhsilin təmin olunmasını istəyiriksə, belə yoxlamalar və nəzarət mexanizmləri mütləq olmalıdır.

Uşaq, xüsusilə də özünü müdafiə etməkdə və başına gələnləri ifadə etməkdə çətinlik çəkən autizmli uşaq, böyüklərin dəstəyinə daha çox ehtiyac duyur. İnkişaf xüsusiyyətləri olan uşağın zorakılığa məruz qalması insanlıq və peşə etikası baxımından qəbuledilməzdir. Uşağın baş verənlərə qarşı susması o demək deyil ki, o, yaşadıqlarını hiss etmir və ya hadisədən təsirlənmir. Əksinə, onun köməyə ehtiyacı ola bilər, sadəcə bunu ifadə etmək imkanları məhdud ola bilər.

Ümumiyyətlə, bağçaya gedən hər bir uşaq orada özünü təhlükəsiz hiss etməli, qayğı və peşəkar dəstəklə əhatə olunmalıdır. Buna görə də təhsil müəssisələrində çalışan pedaqoqların həm peşəkar hazırlığına, həm də uşaqlarla ünsiyyət və davranış mədəniyyətinə xüsusi diqqət yetirilməlidir. Uşaqların təhlükəsiz mühitdə böyüməsi və inkişaf etməsi üçün psixoloji cəhətdən sağlam, məsuliyyətli və peşəkar pedaqoqların çalışması olduqca vacibdir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə